Mingəçevirdə zona müşavirəsi keçirilib
Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları üzrə yerləşən torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.
Bəzən torpaqların təyinatına uyğun istifadə edilməməsi, torpaqların ayrılmasında nöqsanlara yol verilməsi hallarına rast gəlinir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti belə halların qarşısının alınması, torpaq idarəçiliyi sahəsində münasibətlərin tənzimlənməsi üçün inzibati tədbirlərlə yanaşı, maarifləndirici işlər də həyata keçirir. Dövlət Xidməti bələdiyyələri, yerli icra hakimiyyəti orqanlarını, digər hüquqi və fiziki şəxsləri bu sahədəki qanunvericiliyin tələbləri ilə tanış edir, onları tətbiq edilən yeniliklərlə bağlı məlumatlandırır.
Bu istiqamətdəki tədbirlərin davamı olaraq aprelin 18-də Mingəçevir şəhərində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Mingəçevir Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə torpaq və əmlak idarəçiliyinə həsr edilən zona müşavirəsi keçirilib. Müşavirədə Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının yerli icra hakimiyyəti orqanlarının məsul əməkdaşları, bələdiyyə nümayəndələri iştirak ediblər.
Müşavirədə torpaqların və dövlət əmlakının idarə edilməsi, istifadəsi və onların mühafizəsinə nəzarət olunması, dövlət əmlakının və torpaq sahələrinin icarəyə cəlb edilməsi, bələdiyyə torpaqlarının fiziki və hüquqi şəxslərin mülkiyyətinə və ya icarəsinə verilməsi ilə bağlı rəyvermə işləri, elektron baza xəritələrinin işlənməsi barədə məlumat verilib. Bildirilib ki, Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları üzrə ümumilikdə 208 795 hektar ərazidə torpaq və üzərindəki daşınmaz əmlaklar barəsində müfəssəl kadastr məlumat bazası yaradılıb.
Ötən il və bu ilin yanvar-mart ayları ərzində qeyd edilən şəhər və rayonlarda Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər, şəhər və rayon icra hakimiyyətlərindən alınmış məlumatların təhlili göstərir ki, bəzi hallarda kənd təsərrüfatına yararlı torpaq sahələri təyinatı üzrə istifadə olunmur, qanunvericiliyinin tələbləri pozulmaqla torpaqlar əkin dövriyyəsindən çıxarılır və münbit qatı korlanır, yararlı əkin, örüş və otlaq sahələri qeyri-kənd təsərrüfatı məqsədləri üçün əsassız verilir və ya zəbt edilir. Belə ki, bu şəhər və rayonlarda 16 süni balıq gölünün yaradılması səbəbindən 140 hektara yaxın kənd təsərrüfatı torpağı əkin dövriyyəsindən çıxarılıb.
Ümumilikdə, monitorinqlər nəticəsində bu dövr ərzində adıçəkilən şəhər və rayonlarda Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən torpaq qanunvericiliyinin pozulması ilə bağlı 175 hal aşkar edilərək sənədləşdirilib. Bu dövrdə torpaq qanunvericiliyi sahəsində yol verdikləri pozuntu hallarına dair müvafiq torpaq istifadəçiləri ilə bağlı 101 inzibati protokol tərtib edilib, 37 min manata yaxın cərimə tətbiq olunub.
Dövlət başçısının “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə”, “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2023-cü il 24 fevral tarixli Qanununun tətbiqi ilə bağlı 14 aprel 2023-cü il tarixli Fərmanlarına, “Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında” Qanuna əsasən torpaqların istifadəsinə və mühafizəsinə effektiv və sistemli dövlət nəzarətinin aparılması istiqamətində tədbirlərin həyata keçirildiyi bildirilib. Bu məqsədlə dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqların icarəyə verilməsi və onlardan faktiki istifadə vəziyyəti barədə mərkəzləşdirilmiş elektron məlumat bazasının yaradılması nəzərdə tutulur. Bununla bağlı aidiyyəti qurumlara məktublar ünvanlanıb, hazırda daxil olan məlumatlar təhlil edilir.
Tədbirdə torpaq qanunvericiliyinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə fəaliyyətin genişləndirilməsi, təsirli tədbirlərin görülməsinin vacibliyi diqqətə çatdırılıb. Vurğulanıb ki, torpaqlardan istifadə edilməsi və onların mühafizəsi sahəsində qanunvericiliyə əməl olunması ilə bağlı preventiv tədbirlərin, davamlı maarifləndirmə və izahat işlərinin aparılması, bu məsələlərdə ictimaiyyətin, kütləvi informasiya vasitələrinin və bələdiyyələrin iştirakının gücləndirilməsi vacibdir.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, təkliflər dinlənilib.