İnvestorlar sentyabrın 4-də reallaşan hərracda dövlət əmlaklarının özəlləşdirilməsi imkanlarından istifadə edərək əmlak sahibi oldular. Budəfəki hərracda 10 dövlət əmlakına 17 sifariş qəbul edildi. Hərrac iştirakçılarından 4-ü seçdiyi dövlət əmlakına elektron formada sifariş verdi.

Qeyri-yaşayış sahələri üzrə özəlləşdirilən əmlaklar paytaxtın Xətai, Binəqədi, Sabunçu və digər rayonlarında yerləşir. Bu kateqoriyadan olan dövlət obyektlərinin hərracında yüksək rəqabət müşahidə edildi. Belə ki, Xətai rayonu, General Şıxlinski küçəsindəki qeyri-yaşayış sahəsinin ümumi faydalı sahəsi 49 kv.m, ilkin hərrac qiyməti isə 7 min 500 manatdır. Ancaq bu obyektin özəlləşdirilməsində sifarişçilər arasındakı rəqabət satış qiymətini 2 dəfə yüksəldərək 16 min 100 manat etdi. Hərracda Xətai rayonu, N.Əliyev küçəsində yerləşən qeyri-yaşayış sahəsi üzrə iştirakçıların özəlləşdirmə iddiası ilkin hərrac qiymətini 10 min manat artırdı. İnvestor ümumi faydalı sahəsi 79 kv.m olan bu dövlət əmlakı üçün 27 min 500 manat təklif edərək hərracın qalibi oldu.

Gəncə şəhəri, Nizami rayonu, Nizami küçəsində yerləşən 37 saylı mağazanın ümumi faydalı sahəsi 97 kv.m-dir. Müxtəlif xidmət sahələrində gəlirli obyekt olan bu dövlət əmlakına iştirakçı tərəfindən 8 min 750 manat təklif olundu. Özəlləşdirilən dövlət əmlaklarından biri də Rusiya istehsalı olan VAZ-21070 markalı avtomobilidir.

Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərraclardan biri də sentyabrın 11-i keçiriləcək. Belə ki, hərraca ümumilikdə 47 dövlət əmlakı çıxarılıb. Onlardan 20-si səhmdar cəmiyyəti, 11-i kiçik dövlət müəssisə və obyekti, 11-i qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir.