İqtisadiyyat naziri Özbəkistan nümayəndə heyəti ilə görüşüb
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanovla görüşüb, ikitərəfli iqtisadi əməkdaşlıq məsələləri, o cümlədən ticarət əlaqələrinin genişləndirilməsi üzrə təşəbbüslər, birgə investisiya layihələri, enerji sahəsində tərəfdaşlığın perspektivləri və digər məsələlər müzakirə olunub.
- Özbəkistanla iqtisadi əlaqələr güclənir. Ticarət sahəsində 2022-ci ildə 63%-dən çox artım olub.
- Birgə hökumətlərarası komissiyanın 11-ci iclasında əldə olunmuş razılıqların həyata keçirilməsi istiqamətində önəmli addımlar atılıb.
- Sənaye, energetika, kimya, nəqliyyat-logistika, kənd təsərrüfatı, əczaçılıq, rəqəmsallaşma, KOB və s. üzrə tərəfdaşlıq üçün geniş imkanlar var.
İqtisadiyyat naziri Mikayıl Cabbarov Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşündə dövlət başçılarının ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiklərini vurğulayıb, keçirilən görüşlərin və aparılan danışıqların önəmini diqqətə çatdırıb.
Görüşdə energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, əczaçılıq, rəqəmsallaşma, kiçik və orta biznes, sənaye, o cümlədən, avtomobil sənayesi və digər istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsi üçün geniş imkanlar olduğu diqqətə çatdırılıb, ölkələrimizin regionları arasında münasibətlərin inkişafının əhəmiyyəti vurğulanıb.
Bildirilib ki, əlaqələrin genişlənməsində mühüm platforma olan Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 11-ci iclasında əldə olunmuş razılıqların həyata keçirilməsi üçün önəmli addımlar atılıb. İqtisadi əlaqələrin əsas istiqamətlərindən olan ticarət sahəsində ötən il 63%-dən çox artım olub. Bundan əlavə, qarşılıqlı investisiya qoyuluşları sahəsində əməkdaşlığın genişləndirilməsi üçün imkanlar var və bu imkanların reallaşdırılması üçün zəruri işlər görülür.
Özbəkistan Prezidentinin müşaviri Alişer Sultanov ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsinə önəm verdiyini vurğulayıb, iqtisadi sahədə tərəfdaşlığın möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.
Tərəflər ticarət əlaqələrinin genişləndirilməsi üzrə təşəbbüslər, birgə investisiya layihələri, enerji sahəsində tərəfdaşlığın perspektivləri, işğaldan azad olunmuş ərazilərimizdə əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirə aparıblar.