“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə Aşağı Güzdək qəsəbəsinin sakinləri üçün keçirilir
Bu kampaniya vasitəsilə vətəndaşlar daşınmaz əmlaka dair qeydiyyat xidmətlərindən rahatlıqla faydalana bilirlər. Qeydiyyat xidmətlərində əlçatanlığın, şəffaflığın təmin olunması, sənədləşmənin əhalinin geniş kütləsini əhatə etməsi bu sosial layihənin əsas amalıdır.
Kampaniya zamanı sakinlər fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlakları ilə bağlı sənədlərini təqdim edə bilərlər. Mobil ofislər vasitəsilə isə əmlaklar daha sadə və innovativ üsullarla rəsmi qeydiyyata alınır. Bu kampaniyalar məmur-vətəndaş ünsiyyətini, digər kənar əlaqələrin aradan qaldırılmasına imkan verir. Beləliklə “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial layihə əhalinin geniş təbəqəsini sənədləşmə prosesinə cəlb etməklə operativ xidmət, üstün keyfiyyət prinsiplərinə əməl edir.
Bu kampaniya ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər. Bununla bağlı vətəndaşlar əvvəlcədən kütləvi informasiya vasitələri ilə məlumatlandırılacaqlar.
Qeyd edilməlidir ki, kampaniyanın ötən həftəki, ünvanı Abşeron rayonunun Hökməli qəsəbəsi olub. Ümumilikdə kampaniyadan 600-ə yaxın vətəndaş faydalanıb.
Vətəndaşlar qeydiyyatla bağlı sənədləri mobil ofislərlə yanaşı, ərazi idarələrinə də təqdim edə bilərlər.