İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayevin “Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci il fəaliyyətinə həsr olunmuş” mətbuat konfransında çıxışı
Hörmətli media nümayəndələri!
Hamınızı salamlayır və mətbuat konfransına qatıldığınıza görə, o cümlədən Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyətini dəqiq və qərərsiz işıqlandırdığınız üçün sizə təşəkkürümü bildirirəm, qarşılıqlı əməkdaşlıqdan məmnunluğumu ifadə edirəm. Ümid edirəm ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 2022-ci il fəaliyyətinə həsr olunmuş mətbuat konfransı ictimaiyyət üçün maraqlı və faydalı olacaq.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial yönümlü uğurlu islahatlar sayəsində iqtisadiyyatın dinamik və dayanıqlı inkişafı təmin olunur. Ölkəmizdə biznes və investisiya mühitinin davamlı yaxşılaşdırılması, iqtisadi artımı və məşğulluğu formalaşdıran sahələrin inkişafına dəstək göstərilməsi, işğaldan azad olunmuş ərazilərimizin ölkə iqtisadiyyatına reinteqrasiyası Azərbaycanda qeyri-neft iqtisadiyyatının inkişafına dəstək olan amillər kimi çıxış edir.
Dövlət başçısının siyasi iradəsi ilə həyata keçirilən sosial-iqtisadi islahatlar çərçivəsində ötən il ərzində Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının idarə edilməsi, özəlləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatı və kadastrı, torpaq idarəçiliyi və digər sahələrində, həmçinin azad edilmiş ərazilərinin bərpası və quruculuğu ilə bağlı aidiyyəti tədbirlərin icrasına prioritet verilməklə müvafiq işlər görülmüşdür.
Dövlət Xidmətinin fəaliyyətində müvafiq istiqamətlər üzrə vətəndaşlara və sahibkarlara göstərilən dövlət xidmətlərində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, əsassız bürokratik əngəllərə və sui-istifadəyə səbəb olan şəraitin aradan qaldırılmasına, nəticə etibarilə vətəndaş məmnunluğu səviyyəsinin yüksəldilməsinə diqqət yetirilir. Bununla bağlı, daşınmaz əmlakın elektron qeydiyyatı, torpaqların elektron kadastr uçotu məlumat bazasının dürüstləşdirilməsi, dövlət və bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsi ilə bağlı prosedurların elektronlaşdırılması, əmlakların satışı üzrə hərracların elektron platformalar əsasında təşkili ilə əlaqədar zəruri işlər davam etdirilir.
Hesabat dövründə Xidmətin fəaliyyət istiqamətlərində dövlət xidmətləri üzrə vətəndaşlardan, sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərdən, bələdiyyələrdən, dövlət qurumlarından 1 milyona yaxın elektron müraciət daxil olub.
Məlum olduğu kimi, dövlətin iqtisadi siyasətinin əsas istiqmətlərindən biri də sahibkarlığın inkişafı, əlverişli biznes və investisiya mühitinin yaradılmasıdır. Özəlləşmənin özəl investisiyaların cəlb edilməsinin sınanmış yollarından biri olduğunu nəzərə alaraq Xidmət tərəfindən bu istiqamətdə də mühüm tədbirlər həyata keçirilir. Özəlləşdirmə prosesinə investisiyalar cəlb etmək, özəlləşdirilən müəssisələrdə yeni iqtisadi layihələr həyata keçirtmək, rəqabətqabiliyyətli məhsul və xidmətlər istehsal etmək və yeni iş yerlərinin açılmasına nail olmaq prioritet hədəflər kimi müəyyən edilib.
Qeyd edim ki, hesabat dövrü ərzində 1095 dövlət əmlakı özəlləşdirilib, dövlət büdcəsinə müvafiq olaraq 115,4 milyon manat vəsaitin ödənilməsi təmin edilib. Bu, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,4% və ya 2,7 milyon manat çoxdur.
Həmçinin, ötən il ərzində 3 dövlət müəssisəsi investisiya müsabiqələrinə çıxarılaraq özəlləşdirilib. Müsabiqələrin qalibi olmuş investorlar tərəfindən ümumilikdə, təqdim etdikləri investisiya proqramları çərçivəsində 30 milyon manat həcmində investisiya qoyuluşu, 300-ə yaxın iş yerinin açılması və dövlət büdcəsinə birdəfəlik qaydada 12 milyon manat vəsaitin köçürülməsi nəzərdə tutulub.
Dövlət başçısının müvafiq sərəncamları ilə 2021-ci ildə özəlləşdirilməyə yeni açılan “Azərbaycan Sənaye Korporasiyası” Açıq Səhmdar Cəmiyyətinin 29 müəssisə və obyektindən indiyədək 6-sının özəlləşdirilməsi başa çatıb, 7-si isə özəlləşdirilmək üçün hərraclara çıxarılıb. Keçən ilin dekabrın 30-da özəllşdirilməyə açılmış “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının 8 müəssisəsinin özəlləşdirilməsi istiqamətində də lazımi addımlar atılır.
Bununla yanaşı, Əmlak Məsələləri Dövlət Xidməti dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı yeni qanun layihəsinin hazırlanması istiqamətində işlərə də başlayıb. Hesab edirik ki, ölkəmizin hazırkı inkişaf mərhələsində iqtisadi və institusional sahədə islahatların dərinləşdirilməsinin əhəmiyyətini nəzərə alaraq, dövlət-özəl tərəfdaşlığının həyata keçirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi, yeni özəlləşdirmə üsulları və alətlərinin sınaqdan keçirilməsi məqsədilə yeni qanun layihəsinin qəbul edilməsi öz töhfəsini verəcəkdir.
Bildirmək istərdim ki, Dövlət Xidmətinin əsas fəaliyyət istiqamətlərindən biri olan dövlət əmlakının icarəyə verilməsi sahəsinə xüsusi önəm verilir. Ötən il ərzində dövlət əmlakının icarəyə verilməsi sahəsində 3819 yeni icarə müqaviləsi bağlanılıb, dövlət büdcəsinə 24,8 milyon manat vəsait daxil olub. 2021-ci illə müqayisədə ötən ildə icarədən dövlət büdcəsinə 53% və ya 8,6 milyon manat çox vəsait ödənilib.
Dövlət Xidmətinin digər mühüm fəaliyyət sahələrindən biri olan daşınmaz əmlakın qeydiyyatı sahəsində də mühüm işlər görülüb, yüksək göstəricilər əldə olunub. Belə ki, 2022-ci ildə 382 mindən çox daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb və 2021-ci illə müqayisədə ötən ildə daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı 25,2% artıb.
Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin torpaq islahatı aparılmış, lakin torpaq sahələri üzərində hüquqları rəsmiləşdirilməmiş vətəndaşlara və ailələrə çıxarışların verilməsi ilə əkin sahələrinə verilən subsidiyaların əhatə dairəsinin genişləndirilməsi, daşınmaz əmlakların qeydiyyatının sayının artırılması və sadələşdirilməsi məqsədilə imzaladığı müvafiq Fərmanlar xüsusilə qeyd olunmalıdır.
Dövlət başçısının 2021-ci ildə imzaladığı “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” Fərmanına uyğun olaraq mülkiyyət sənədləri ilə təmin edilməmiş pay torpaqlarının dövlət vəsaiti hesabına sənədləşdirilməsi ilə bağlı vətəndaşlardan 39 minə yaxın müraciət daxil olub, onlardan hazırkı vəziyyətə 32 mindən çox vətəndaşa (ailəyə) torpaq sahəsi üzərində reyestrdən elektron çıxarışlar verilib. Bu sahədə Xidmətlə Kənd Təsərrüfatı Nazirliyinin birgə fəaliyyəti nəticəsində keçən il reyestrdən qeyd olunan sayda elektron çıxarışların verilməsi əkin sahələri üzrə aqrar subsidiyadan yararlanan vətəndaşların və torpaq istifadəçilərinin sayını əhəmiyyəti dərəcədə artırıb.
Eyni zamanda, müvafiq Fərmana əsasən Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi aparılır. Bu istiqamətdə 35 rayon (şəhər) icra hakimiyyətləri tərəfindən 12 minə yaxın fərdi yaşayış evinin siyahısı təqdim edilib. İndiyənədək şəxslərin müraciətləri əsasında bu qəbildən olan 2 minə yaxın fərdi yaşayış evi üzərində mülkiyyət hüququ dövlət reyestrində qeydiyyata alınıb və mülkiyyətçilərə reyestrdən elektron çıxarışlar verilib.
Hörmətli media nümayəndələri!
“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda əks etdirilmiş tədbirlər, o cümlədən həmin ərazilərdə yerquruluşu, torpaqların elektron kadastr uçotu, torpaq tədqiqatları, torpaqların idarə edilməsi və işğal nəticəsində dəymiş ziyanın müəyyən edilməsi ilə bağlı işlər davam etdirilib.
İşğaldan azad edilmiş ərazilərdə infrastruktur obyektlərinin, torpaq sahələrinin və digər daşınmaz əmlak obyektlərinin ilkin inventarlaşdırılması barədə tapşırıqlara əsasən, 2022-ci ilin sentyabr ayı ərzində Laçın şəhəri, Zabux, Sus, Bəylik, Qızılca, Qarıkaha, Turşsu, Ağanus kəndlərində 1400-ə yaxın daşınmaz əmlak siyahıya alınmışdır. Ümumilikdə, işğaldan olunmuş ərazilər azad edildikdən sonra indiyənədək 14,1 min daşınmaz əmlakın ilkin inventarlaşdırılması işləri tamamlanmış və məlumatlar Hökumətə təqdim edilmişdir.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanın müəyyən edilməsi məqsədilə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının, eləcə də dövlət müəssisə, idarə və təşkilatlarının nümayəndələrinin iştirakı ilə işğala qədər mövcud olmuş və topoqrafik xəritələr üzərindən rəqəmsallaşdırılması mümkün olan 164 minə yaxın bina, tikili və qurğudan 145 minə yaxını təsbit edilmiş və Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilmişdir.
Eyni zamanda, işğaldan azad olunmuş ərazilərdə dəymiş ziyanla əlaqədar beynəlxalq məhkəmədə sübut kimi təqdim edilə biləcək sənədlərin toplanması istiqamətində işlər aparılmışdır. Xidmətin xüsusi işçi qrupu tərəfindən Milli Arxiv idarəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin arxivində işğaldan azad edilmiş 7 rayon və Şuşa şəhəri əhatə olunmaqla, 1991-ci ilə qədər mövcud olmuş daşınmaz əmlak obyektlərinə dair 14 minə yaxın arxiv qovluğu araşdırılmışdır. Nəticədə 25 minə yaxın aşkar edilmiş sənədlərin surətləri götürülərək Qarabağ Rəqəmsal Geoinformasiya Sisteminə daxil edilmişdir.
İşğaldan azad edilmiş ərazilərdəki daşınmaz əmlak və infrastruktur obyektləri barədə məlumatların etibarlı və mərkəzləşdirilmiş elektron mühitdə toplanması və səmərəli istifadəsinin təmin edilməsi məqsədilə Qarabağ Rəqəmsal Geo-İnformasiya Sistemi işlənib hazırlanmışdır. Bildirmək istərdim ki, qeyd olunan sistem barədə təqdimat sizlərə nümayiş etdiriləcək.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət istiqamətləri üzrə qarşıya qoyulan hədəflərə nail olmaq üçün işlərini davam etdirəcək.
İndi isə Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı geniş təqdimatın sizlərə çatdırılması üçün sözü Xidmətin Strateji planlaşdırma, innovasiyalar və təhlil şöbəsinin müdiri İlqar Həbiyevə verirəm.
Diqqətinizə görə çox sağ olun.