Qəbul zamanı bütün müraciətlər və qaldırılan məsələlər komitə sədri tərəfindən diqqətlə dinlənildi. Bir neçə vətəndaşın müraciətləri elə yerindəcə həll edildi. Digər müraciətlərdə əks olunan məsələlərin araşdırılaraq həll olunması barədə müvafiq struktur bölmələrin rəhbərlərinə tapşırıqlar verildi. Komitənin fəaliyyət sahələrinə aid olmayan məsələlərə dair müraciətlər isə qeydiyyata alındı və müvafiq qurumlara göndəriləcəyi barədə vətəndaşlara məlumat verildi.

Komitə sədri Kərəm Həsənov daşınmaz əmlakla bağlı göstərilən bütün xidmətlərdə əlçatanlıq, şəffaflıq və məmnunluq prinsiplərinin təmin olunması üçün geniş formatda işlərin aparıldığını bildirdi. Vətəndaş-məmur ünsiyyəti olmadan, optimal formada elektron müstəvidə daşınmaz əmlaka dair çıxarışların verilməsi vaxt itkisini minimuma endirir, vətəndaşların rahatlığını təmin edir. Bu layihə təqdim olunmağa başladığı vaxtdan etibarən 5 minə yaxın vətəndaş elektron çıxarışla təmin olunub. 

Qeyd edilib ki, komitə fəaliyyət istiqamətləri üzrə yaranan sualların tez bir zamanda cavablandırılması kimi məsələlərə xüsusi diqqətlə yanaşır. Bu məqsədlə Komitənin 193 vahid çağrı mərkəzi vətəndaş müraciətlərinin çevik cavablandırılmasını, operativ araşdırılmasını və bu işlərin daha rasional aparılmasını təmin edir. Eyni zamanda komitənin sosial şəbəkələrindəki rəsmi səhifələri də yaranan sualların tez bir zamanda cavablandırılması üçün əhəmiyyətli vasitədir.

Bildirilib ki, komitə tərəfindən ölkənin müxtəlif rayon və şəhərlərində “Kütləvi çıxarış” və “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kimi kampaniyalar reallaşdırılır. Bu sosial əhəmiyyətli layihələr nəticəsində vətəndaşlara olduqları məkanda operativ formada daşınmaz əmlakla bağlı qeydiyyat  xidmətləri göstərilir.

Ağsunun torpaqların elektron kadastr sistemi işlərinin yekunlaşdığı rayonlardan biri olduğunu diqqətə çatdıran komitə sədri, bu sistemin gələcəkdə bütün ölkə və müvafiq bölgə üçün əhəmiyyətindən danışdı. Elektron kadastr sisteminin tətbiqi rayonda torpaqların elmi əsaslarla idarə olunmasına, onların daha səmərəli istifadəsinə şərait yaradacaq.

Qəbul çərçivəsində komitə sədri fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə maksimum məmnunluğun, çevikliyin, əlçatanlığın, şəffaflığın təmin olunması məqsədilə bütün zəruri tədbirlərin görülməsi barədə komitənin ərazi idarələrinin, tabeli qurumlarının yerli şöbələrinin rəhbərlərinə tapşırıqlarını verdi. Komitə sədri bildirdi ki, əhalinin müraciətləri operativ həll olunmalı, qanunvericilik çərçivəsində vətəndaş maraqları təmin olunmalıdır. Sonda vətəndaşlar razılıqlarını ifadə ediblər.

Komitə sədrinin regionlarda vətəndaş qəbulları qarşıdakı aylarda da davam etdiriləcək.