Əmlak Məsələləri Dövlət Komitəsi beynəlxalq əməkdaşlıq əlaqələrini inkişaf etdirir
16 oktyabr tarixində BMT-nin Avropa İqtisadi Komissiyası və Avstriya Hökuməti tərəfindən təşkil edilmiş “Daşınmaz əmlak infrastrukturu: İstifadə üçün yararlıdırmı?” adlı Konfransı giriş sözü ilə BMT AİK-in Daşınmaz Əmlak İdarəçiliyi üzrə Hökumətlərarası İşçi Qrupunun sədri olan Əmlak Məsələləri Dövlət Komitəsinin nümayəndəsi açmışdır. O, öz nitqində konfransın məqsədlərindən, habelə konfrans çərçivəsində müzakirə ediləcək məsələlərin müasir dövr üçün əhəmiyyətindən danışmışdır. Konfrans 6 sessiyadan ibarət olmaqla, daşınmaz əmlak idarəçiliyinin müxtəlif aktual mövzularında BMT AİK regionuna daxil olan dövlət nümayəndələri tərəfindən həyata keçirilən təqdimatların dinlənilməsi və müzakirə edilməsi formatında keçirilirmişdir.
Konfransda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənov “Daşınmaz əmlak infrastrukturunun yaradılması və inkişafı sahəsində Azərbaycan təcrübəsi” mövzusunda təqdimatla çıxış etmişdir. O, öz nitqində təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrildiyini bildirmişdir. Komitə sədri ölkəmizdə gerçəkləşən genişmiqyaslı islahatlar, o cümlədən dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, daşınmaz əmlakın dövlət reyestrinin və vahid dövlət kadastrının, habelə ünvan reyestrinin aparılması, eləcə də Milli Məkan Məlumatları İnfrastrukturunun yaradılması sahələrinin ölkə üçün aktuallığını vurğulamışdır. O, çıxışında Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı və vahid dövlət kadastrının səciyyəvi xüsusiyyətlərindən danışaraq, daşınmaz əmlak idarəçiliyi sahəsində ölkəmizin dünya səviyyəsində əldə etdiyi nailiyyətlərdən bəhs etmişdir.
İki gün davam edən konfrans AİK regionuna daxil olan 56 ölkənin yüksəksəviyyəli dövlət təmsilçiləri, ictimai birlik və beynəlxalq təşkilatlar, habelə özəl sektor numayəndələri, elmi işçilər və media üzvlərinin iştirakı ilə keçirilmişdir.
Konfransın işində ölkəmizin Avstriya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Qalib İsrafilov da iştirak etmişdir.
Beləliklə, BMT-nin Avropa İqtisadi Komissiyası və Avstriya Hökuməti tərəfindən 16–17 oktyabr 2014-cü il tarixlərində “Daşınmaz əmlak infrastrukturu: İstifadə üçün yararlıdırmı?” mövzusunda təşkil edilmiş konfransı öz işini uğurla başa vurmuşdur.