Ağdamda Vətən müharibəsi zamanı dağılmış yaşayış sahələrinin əvəzinə inşa edilən evlərin mülkiyyət hüququ rəsmiləşdirilib
Dövlət başçısının “Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və çoxmənzilli yaşayış binalarının mənzilləri üzərində hüquqların rəsmiləşdirilməsi, habelə onların yerləşdiyi torpaq sahələri ilə bağlı bəzi məsələlərin tənzimlənməsi” haqqında 7 aprel 2022-ci il tarixli Fərmanının icrası istiqamətində tədbirlər davam etdirilir.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən yanvarın 27-də Ağdam rayonunun Çəmənli kəndinin və ətraf kəndlərin sakinləri üçün səyyar qeydiyyat xidmətləri göstərilib. Ermənistan silahlı qüvvələrinin cəbhə xəttindən uzaqda yerləşən dinc yaşayış məntəqələrinə endirdiyi zərbələr nəticəsində dağıdılmış və yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə dövlət vəsaiti hesabına inşa edilən yaşayış evlərinin sənədləşdirilməsi aparılıb. Qeyd edək ki, Ağdam rayonunda Fərmanın əhatə etdiyi və yerli icra hakimiyyəti orqanı tərəfindən təqdim olunan 283 evin sənədləri ilə bağlı müraciətlər qəbul olunub.
Belə tədbirlər vətəndaşlara heç bir quruma getmədən, əlavə vaxt itkisi olmadan daşınmaz əmlaka dair çıxarışları əldə etmək imkanı yaradır. Bütün bunlar isə vətəndaş məmnunluğunun, eləcə də əlçatanlıq, şəffaflıq və rahatlığın artmasına səbəb olur.
Məlumat üçün bildiririk ki, yerli icra hakimiyyətlərinin təqdim etdiyi məlumatlar əsasında Xidmətin rəsmi saytında Azərbaycan Respublikasının ərazisində baş vermiş təbii fəlakətlərin, texnogen qəzaların və hərbi əməliyyatların nəticələrinin aradan qaldırılması ilə əlaqədar dövlət vəsaiti hesabına inşa edilmiş yaşayış evlərinin və mənzillərin üzərində mülkiyyət hüququ rəsmiləşdiriləcək şəxslərin siyahısı yerləşdirilib, Fərmanın əhatə etdiyi şəhər və rayonların siyahısı, vətəndaşların adı qeyd edilib.
Linkə keçid etməklə siyahı ilə tanış olmaq mümkündür: (https://clck.ru/33Mfb4)
Bu günədək Fərmanın icrası ilə əlaqədar 1792 yaşayış sahəsinə dair vətəndaşların mülkiyyət hüquqları qeydiyyata alınıb.
Əmlak Məsələləri Dövlət Xidməti səyyar qeydiyyat xidmətlərinin göstərilməsini davam etdirəcək.