Biznes obyektinə hərracda sahib ol: Özəlləşməyə 172 dövlət əmlakı çıxarıldı
Yevlax, Şəmkir, İsmayıllı, Biləsuvar kimi rayonlarda yerləşən səhmdar cəmiyyətləri müxtəlif iqtisadi sahələr üzrə fəaliyyət göstərir. Biləsuvar Broyler, Cəlilabad Məişət, İsmayıllı Təmir Tikinti kimi səhmdar cəmiyyətlərin 30% ilə 45% intervalında olan səhm paketləri hərraca çıxarılıb.
Hərrac vasitəsilə özəlləşdirilməsi nəzərdə tutulan kiçik dövlət müəssisələri ərazi, qiymət və ümumi faydalı sahə baxımından müxtəlifdir. Bu dövlət əmlaklarının ümumi faydalı sahəsi 4 kv.m ilə 2634 kv.m aralığındadır. Xaçmaz rayonu, Xudat şəhəri, Heydər Əliyev küçəsində yerləşən Əmlak kompleksi investora müxtəlif biznes sahələrində gəlir gətirə bilər. Torpaq sahəsi ilə birgə özəlləşdirməyə çıxarılan bu obyektin ümumi faydalı sahəsi 237 kv.m-dir.
Ölkənin müxtəlif rayon və şəhərlərində yerləşən qeyri-yaşayış sahələrinin ümumi faydalı sahəsi 12 kv.m ilə 376 kv.m aralığındadır. İnvestor Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsindəki qeyri-yaşayış sahəsini gəlirli xidmət obyekti kimi istifadə edə bilər. Qeyd edək ki, bu obyektin ümumi faydalı sahəsi 36 kv.m-dir.
Bu dəfə hərraca buraxılış tarixləri 2005-2007 olan KİA və Daewoo markalı nəqliyyat vasitələri ilə yanaşı gəmi də çıxarılıb. “Kapitan Rəcəbov” adına buzqıran gəminin buraxılış tarixi 1976-cı ildir.
Hərraca çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat əldə etmək və elektron formada sifariş vermək üçün komitənin rəsmi saytında (emdk.gov.az) və Özəlləşdirmə portalında (privatization.az) müvafiq bölməyə daxil olmaq kifayətdir. Əmlak Məsələləri Dövlət Komitəsi hər kəsi canlı və onlayn formada hərracda iştirak etməyə və ya prosesi ziyarətçi kimi izləməyə dəvət edir.