İyul ayı ərzində komitənin 193 Çağrı mərkəzinə 900-ə yaxın müraciət daxil olub
İyul ayı ərzində Çağrı mərkəzinə ümumilikdə 900-ə yaxın müraciət daxil olmuşdur. Daxil olan müraciətlərin 760-dan çoxu sorğu tipli, 100-ə yaxını isə araşdırılması tələb olunan müraciətlərdir. Sorğu tipli müraciətlər Çağrı mərkəzinin operatorları tərəfindən qanunvericiliyə uyğun olaraq cavablandırılıb və onlara hüquqi məsləhətlər verilib. Digər müraciətlər isə qeydə alınıb, müvafiq struktur bölmələrdə araşdırılıb.
Şəhər və rayonlar üzrə iyul statistikasına əsasən paytaxt əhalisinin bu xidmətdən daha aktiv istifadəsi müşahidə olunur. Belə ki, məcmu müraciətlərin 700-dən çoxu Bakıdan, digərləri isə müxtəlif bölgə sakinləri tərəfindən ünvanlanıb. Daxil olan müraciətlərdə vətəndaşları maraqlandıran mövzular əsasən ərizənin icra vəziyyəti, daşınmaz əmlaka çıxarışın verilməsi, dövlət rüsumları və xidmət haqları, komitənin struktur bölmələrinin ünvan və iş rejimləri ilə bağlı olmuşdur. Komitənin tətbiq etdiyi müasir elektron xidmətlər, müxtəlif bölgələrdə sosialyönümlü kampaniyaların keçirilməsi barədə Çağrı mərkəzinə müraciətlərin daxil olması vətəndaşların yüksək marağının göstəricisidir.
Qeyd edək ki, Çağrı Mərkəzi tərəfindən göstərilən bütün xidmətlər və stasionar nömrələrdən 193 nömrəsinə edilən zənglər ödənişsizdir. Çağrı mərkəzi canlı və səsli menyu rejimində vətəndaşlara xidmət göstərir. Canlı rejim həftənin iş günləri fasiləsiz olaraq saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir.