Əmlak idarəçiliyində tam elektronlaşma: media nümayəndələri üçün bu sahədə info-tur təşkil edilib
Komitənin İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzində keçirilən tədbirdə əmlak idarəçiliyində tətbiq edilən elektron xidmətlər, informasiya sistemlərinin necə çalışması canlı olaraq nümayiş edilib, onların iş prinsipi və üstünlükləri ilə bağlı media nümayəndələrinə məlumat verilib.
Jurnalistlər komitənin təqdim etdiyi 39 elektron xidmətlə tanış olub, bu xidmətlərdən istifadə qaydalarını canlı izləyiblər. Həmin xidmətlərin 26-sı daşınmaz əmlakın qeydiyyatı, 11-i dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, 2-si isə daşınmaz əmlakın kadastrı ilə bağlıdır. Bu xidmətlərin 37-si interaktiv, 2-si isə informativ xidmətlərdir. Xidmətlərdən internet üzərindən E-emdk.gov.az portalına daxil olmaqla istifadə etmək mümkündür.
Belə xidmətlər sayəsində əmlakla bağlı bütün əməliyyatları evdən və ya ofisdən çıxmadan həyata keçirmək mümkündür. Belə ki, elektron xidmətlər vasitəsilə dünyanın hər yerindən özəlləşdirmə hərracına qatılaraq dövlət əmlakına sahib olmaq, eləcə də daşınmaz əmlakı sənədləşdirmək və əmlak çıxarışını elektron qaydada almaq olar. Əhali və investorlar bu xidmətlərdən getdikcə daha çox istifadə etməyə başlayıblar. Artıq bu xidmətlərdən istifadə edənlərin sayı 800 minə yaxındır.
Daşınmaz əmlakın qeydiyyatı prosedurlarını vətəndaşlar üçün sadə və əlçatan edən elektron xidmətlər istifadəyə verilib. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı sənədlərin qəbulu elektron müstəvidə həyata keçirilir. Yəni, vətəndaşlar daşınmaz əmlaklarına dair çıxarışların alınması üçün sənədlərini və müraciətlərini onlayn göndərə bilirlər.
Ən çox istifadə olunan xidmət “Daşınmaz Əmlakın Dövlət Reyestrindən məlumatların verilməsi”dir. Bu xidmət vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı bir sıra prosedurları həyata keçirmək, əmlakla bağlı müxtəlif arayışları almaq daha da sadələşib.
İnformativ xidmətlərdən olan “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” elektron xidməti vətəndaşlar üçün olduqca əhəmiyyətlidir. Bildirilib ki, bununla yeni tikilən binalarda mənzil alanlar öncədən həmin binanın çıxarışının olub-olmamasını əvvəlcədən öyrənə bilirlər. Xidmət bu sahədə yaranacaq risklərin qarşısını alır, leqal əmlakların sayını artırır.
Komitənin elektron şəbəkələr sisteminə daha bir yenilik olan Elektron çıxarış sistemi daxil olub. Sistem daşınmaz əmlaklara dair sənədi elektron şəkildə qeydiyyata alır. Bununla çıxarışın həm kağız həm də elektron şəkildə variantı eyni hüquqi qüvvəyə malik olur. Sistemin tətbiqi təkrar qeydiyyatın tam olaraq avtomatlaşdırılması imkanlarını da genişləndirib. Hazırda 5 minə yaxın elektron çıxarış sahibi var. Elektron çıxarışa sahib olanların öz sənədlərinin həqiqiliyini onlayn olaraq yoxlamaq imkanı da var. Bununla bağlı elektron xidmət də fəaliyyətdədir.
Vətəndaşlar daşınmaz əmlaklarını sənədləşdirmək istədikdə Əmlakın Qeydiyyatı Kalkulyatorundan istifadə etməklə tələb olunan dövlət rüsumu və xidmət haqqı barədə
elektron qaydada, əvvəlcədən məlumat ala bilirlər. Bununla şəffaflıq təmin edilir, vətəndaş-məmur münasibətləri minimuma enir.
Daşınmaz əmlakın qeydiyyatı ilə yanaşı özəlləşmə sahəsində də elektron mühit formalaşıb. Hərraclarla bağlı sifarişlər elektron şəkildə yerinə yetirilir. Səhmdar cəmiyyətlərin səhm paketlərinin, kiçik müəssisələrin hərracda satışına dair sifarişlərin qəbulu kimi elektron xidmətlər, hərracların canlı izlənməsini təmin edən onlayn hərrac bu sahəni daha da cəlbedici edir.
Özəlləşmənin elektronlaşmasına imkan verən daha bir innovativ addım elektron hərracın istifadəsi ilə bağlıdır. Sistem vasitəsilə investorlar heç bir yerə getmədən olduğu məkandan əmlak sahibi olur. Bunun üçün yalnız internetə qoşulmaq və onlayn olaraq sifariş verdiyi əmlakın hərracında iştirak etmək lazımdır.
İnvestorların daha rahat qatılması üçün yaradılan Özəlləşdirilmə portalında hərraca çıxarılan əmlaklarla vizual şəkildə tanış olmaq mümkündür. Hazırda portala baxış sayı 2 milyona yaxınlaşıb. Ölkə vətəndaşları ilə yanaşı Türkiyə, Rusiya, ABŞ, İrlandiya, Fransa, Almaniyada portalı izləyənlərin sayı kifayət qədərdir.
Artıq dövlət müəssisələri əmlakın qorunub saxlanması və ondan istifadə edilməsi vəziyyəti haqqında xüsusi hesabat formasını elektron şəkildə də təqdim edə bilirlər. Hesabata əsasən dövlət əmlakının istifadə vəziyyəti təhlil edilir, faktiki vəziyyəti müəyyənləşdirilir. Dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi də elektronlaşdırılıb. İcraçı kodunu qeyd etməklə bu xidmətdən istifadə etmək mümkündür.
Elektronlaşma kadastr sahəsindən də yan keçməyib. Geodeziya ölçmə işlərinin aparılması məqsədilə Fasiləsiz Fəaliyyət Göstərən İstinad Stansiyalarına (AzPOS) qoşulmaq üçün müraciətlər də elektron şəkildə həyata keçirilir. Sistem bu sahədə yüksək dəqiqlikli məlumatları emal etməklə, zaman-məkan daxilində qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edir.
Komitə tərəfindən daha bir yeni elektron xidmət istifadəyə verilib. Belə ki, “Kadastr kalkulyatoru” vətəndaşların istifadəsindədir. “Kadastr planlarının və yerquruluşu xəritələrinin tərtibi”, eləcə də “Torpaqların inventarlaşdırılması və müayinə baxış aktlarının tərtibi” ilə bağlı tələb olunan xidmət haqqını və dövlət rüsumunu öyrənmək mümkündür. Vətəndaş lazımi xanaları doldurmaqla ödəniləcək məbləği əvvəlcədən müəyyənləşdirə bilir. Xidmət bu sahədə baş verə biləcək neqativ halların qarşısını alır, qeyri-leqal xərclərin olmamasıyla bağlı vətəndaşda əminlik yaradır.