Qarabağ üzrə topoqrafik və geometrik məlumatlar tanınmış naviqasiya xidməti göstərən saytlara inteqrasiya olunur
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti digər fəaliyyət sahələrində olduğu kimi, daşınmaz əmlakın kadastrı və ünvan reyestri sahəsində də müasir çağrışlara uyğun yeniliklər tətbiq edir, beynəlxalq təcrübədən yararlanır, bu sahədə aparıcı şirkətlərlə əməkdaşlıq edir.
Dövlət Xidməti görülən işlərin kəmiyyət və keyfiyyətinin artırılması üçün coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D xəritələri hazırlanması xidmətləri göstərən “4MAPS Bilgi Teknologileri” MMC ilə əməkdaşlıq edir. “4MAPS Bilgi Teknolojileri” MMC işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq miqyasda elektron xəritə platformalarında düzgün əks olunması, məlumatların dəqiqliyinin təmin edilməsi məqsədilə bir sıra layihələr həyata keçirir. Qeyd edək ki, şirkət azad edilmiş ərazilərimizdəki rayon və yaşayış məntəqələrinin, küçə və prospektlərin adlarının, həmçinin, xəritə məlumatları ilə bağlı beynəlxalq saytlarda yol verilmiş təhriflərin düzəldilməsi işini təmannasız yerinə yetirir.
Əmlak Məsələləri Dövlət Xidməti ilə 2020-ci ildə əməkdaşlığa başlayan “4MAPS Bilgi Teknologileri” MMC ilk olaraq işğaldan azad olunmuş ərazilərin yol şəbəkələrinin rəqəmsallaşdırılması, küçə, yaşayış məntəqələrinin adlarının beynəlxalq xəritə platformalarında Azərbaycan dilində göstərilməsinə dəstək olub.
Şirkət tərəfindən həmin ərazilərdə kadastr və ünvan reyestri istiqamətində işlər aparılır, topoqrafik və geometrik məlumatlar xəritəçəkmə xidmətləri göstərən beynəlxalq saytlara inteqrasiya olunur. Bunlardan biri “Amazon”, “Booking.com”, “Mercedes”, “Audi” kimi dünyaca məşhur şirkətlərə xidmət göstərən “Here Global B.V.” şirkətidir.
Hazırda işğaldan azad olunmuş ərazilərdə “Lidar True System” tətbiqi ilə yolların, yol şəbəkələrinin 360 dərəcəli kameralar vasitəsilə 3D xəritəsi hazırlanır.