“Çaykənd” bazalt yatağı üzrə hərrac keçirilib
Faydalı qazıntı yataqlarının istifadəsi ilə bağlı keçirilən hərraclar bu sahədə fəaliyyət göstərən sahibkarlar üçün yeni imkan və əlverişli şərait yaradır. Bu məqsədlə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərracların təşkili davam etdirilir.
Faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı növbəti hərrac 14 sentyabr tarixində baş tutub. Hərracda Göygöl rayonunda yerləşən “Çaykənd” bazalt yatağının 10,8 hektar sahəsi istifadəyə verilib. İnvestorların marağının yüksək olması hərracı rəqabətli edib. Belə ki, başlanğıc qiyməti 354.800 manata olan bu faydalı qazıntı yatağının LOT-1 üzrə edilən ən son təklif 3.000.000 manata yüksəlib. “Çaykənd” bazalt yatağı üzrə keçirilən hərracın qalibi isə “Azerbazalt Elmi-İstehsalat Birliyi” MMC olub.