Əmlak Məsələləri Dövlət Komitəsi “Açıq qapı” günü və hüquqi maarifləndirmə tədbiri keçirib

“Açıq qapı” gününün məqsədi ictimaiyyəti, eləcə də KİV nümayəndələrini komitənin fəaliyyəti və göstərdiyi müasir xidmətlər ilə yaxından tanış etməkdir. “Açıq qapı” günündə daşınmaz əmlakın qeydiyyatı prosesi, günün tələblərinə cavab verən xidmət şəraiti, qeydiyyatla bağlı hüquqi prosedurlar, yaradılmış rahat, çevik və modern xidmətlər əyani şəkildə vətəndaşlara və KİV nümayəndələrinə nümayiş etdirilib.

Tədbirdə qeyd olunub ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələrində vətəndaşlara rahat, operativ və şəffaf xidmət üçün ardıcıl tədbirlər həyata keçirilir. “Açıq qapı” günündə komitənin elektron və onlayn xidmətləri barədə geniş məlumat verilib. Komitənin istifadəyə verdiyi 4-ü informativ və 25-i interaktiv olmaqla 29 elektron xidmətdən istifadə qaydaları və faydaları əyani şəkildə izah olunub, bununla bağlı verilən suallar cavablandırılıb. Qeyd olunub ki, indiyədək 111 mindən çox hüquqi və fiziki şəxs komitənin elektron xidmətlərindən yararlanıb.

Bildirilib ki, komitədə fəaliyyətin müasirləşdirilməsi məqsədilə kompleks İKT tədbirləri həyata keçirilir və beynəlxalq məsləhətçilərlə birgə komitənin uzunmüddətli İKT strategiyası hazırlanıb. Hazırda daşınmaz əmlakların vahid elektron informasiya sisteminin yaradılması üzərində işlər aparılır. Bu sistemin işə düşməsilə, müəyyən olunmuş qaydalar əsasında, bütün dövlət qurumları və müvafiq təşkilatlar daşınmaz əmlaklar barədə zəruri informasiyaları çevik, dəqiq və rahat əldə edə  biləcəklər. Bu məqsədlə, hazırda Bakı şəhərində qabaqcıl texnologiyalarla təchiz ediləcək İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi tikilir. Mərkəz komitə üzrə informasiya-kommunikasiya texnologiyaları strategiyasının icrası və inkişafını, yeni informasiya sistemlərinin yaradılmasını təmin edəcək. Komitənin vahid korporativ kompüter şəbəkəsinin idarə edilməsi və təkmilləşdirilməsi, fəaliyyət sahələri üzrə elektron reyestrlərin yaradılmasını həyata keçirəcək. Eyni zamanda, Mərkəz virtual informasiya təhlükəsizliyinə, o cümlədən komitədə istifadə olunan informasiya sistemləri, internet resursları, elektron xidmətlər və kompüter şəbəkələrinin təhlükəsizliyinə nəzarət edəcək.

Tədbirdə vurğulanıb ki, artıq komitə tərəfindən elektron hərracların həyata keçirilməsinə başlanılıb. Elektron xidmətlərin yaratdığı imkanlar sayəsində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlər artıq elektron qaydada qəbul edilir. Belə hərraclara səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, dövlət qurumlarının balansında olan nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair keçirilən hərraclar aiddir. Dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsinə dair elektron xidmətlər fəaliyyət göstərir. Onlayn xidmətlər sayəsində vətəndaşlar daşınmaz əmlaka dair yüklülük arayışlarını (Forma-1) notariuslarda onlayn qaydada əldə edirlər. Bundan əlavə, yaxın zamanda istifadəyə verilmiş yeni elektron xidmət (Daşınmaz əmlak obyekti barədə daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi) mülkiyyətçilərə daşınmaz əmlak barədə dövlət reyestrində qeydə alınmış məlumatlarla onlayn tanış olmaq imkanı yaradıb. Belə ki, daşınmaz əmlakın yüklü, girovda və ya həbsdə olması və digər reyestr məlumatlarına yeni elektron xidmət vasitəsilə baxmaq mümkündür.

Eyni zamanda, tədbirdə nəzərə çatdırılıb ki, Bakı şəhərinin bütün rayonları və respublikanın bütün bölgələri üzrə müasir ərazi qeydiyyat idarələri fəaliyyət göstərir. Bu il ərzində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə və Beyləqanda yerləşən ərazi idarələri üçün yeni inzibati binalar tikilərək istifadəyə verilib. Həmin binalar müasir tələblərə tam cavab verir və binalarda yüksək səviyyədə xidmət şəraiti yaradılıb. Vətəndaşların qəbulu şöbələri müasir avadanlıq və zəruri vasitələrlə təchiz olunub. Hər bir ərazi qeydiyyat idarəsində daşınmaz əmlakın qeydiyyatı ilə bağlı informasiya və hüquqi maarifləndirmə guşələri yaradılıb. Bu da ictimai maariflənmənin təmin olunmasına, əhalinin bu sahədə hüquqi biliklərinin artırılmasına xidmət edir. Qeyd olunub ki, səmərəli, şəffaf və çevik fəaliyyət üçün hazırda daşınmaz əmlaka dair qeydiyyat məlumatlarının elektron arxivinin yaradılması üzərində işlər gedir. Uzun illər ərzində arxivlərdə toplanmış kağız daşıyıcılarında olan qeydiyyat məlumatları sürətlə elektron bazaya köçürülür.

Tədbirdə komitənin mobil ofis xidmətləri barədə də geniş məlumat verilib. Mobil ofislər vasitəsilə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı xidmətlər xüsusi sosial təbəqədən olan insanların (əlilliyi olan, ahıl, sağlamlıq imkanları məhdud insanlar, müxtəlif səbəblərdən hərəkət çətinliyi olan vətəndaşlar) ünvanına çatdırılır. İndiyədək Bakı və paralel olaraq respublikanın bütün regionlarında mobil ofislər vasitəsilə 10 minə yaxın vətəndaşa qeydiyyat xidmətlərinin göstərildiyi qeyd olunub.

Məhz qeyd edilən tədbirlərin nəticəsidir ki, bu ilin 9 ayında daşınmaz əmlakın qeydiyyat sayı rekord həddə çataraq 151 min olub. Bu ötən ilə nisbətən 18,7% artım deməkdir. Belə ki, keçən ilin eyni dövründə 127 min daşınmaz əmlak qeydiyyata alınmışdı. 2014-cü ilin sonuna isə daşınmaz əmlakın qeydiyyatında yeni rekord say proqnozlaşdırılır.

Qeyd edildiyi kimi, həmin gün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən vətəndaşlar, aidiyyəti dövlət qurumları, ictimai təşkilatlar və digər maraqlı tərəflər üçün daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində hüquqi maarifləndirmə ilə bağlı növbəti seminar keçirilib. Komitə tərəfindən bu ilin əvvəlindən start verilən hüquqi maarifləndirici tədbirlərin təşkilində məqsəd daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsinə dair qanunvericiliklə bağlı ictimai maariflənmənin təmin olunmasıdır.

Komitə tərəfindən daşınmaz əmlakın qeydiyyatı və kadastrı ilə bağlı ictimai məlumatlandırma və hüquqi izahat işlərinin aparılması daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində şəffaflığın və effektivliyin artırılmasına böyük töhfədir. Bildirilib ki, daşınmaz əmlakın qeydiyyatı həmin əmlakın etibarlılığının, hüquqi əsaslılığının və iqtisadi səmərəsinin təminatıdır. Daşınmaz əmlakla bağlı hüquqi əməliyyatların aparılmasından öncə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmasının zəruriliyi vurğulanıb. Seminarda daşınmaz əmlakın qeydiyyatı və kadastrının mahiyyəti, hüquqi tərifi, bu sahəni tənzimləyən qanunvericilik bazası izah olunub. Qeydiyyat üçün zəruri olan hüquqi sənədlər, həmin sənədlərə dair tələblər, qeydiyyatın mərhələləri və müddətləri, hüquqların dövlət qeydiyyatının rəsmiləşdirilməsi barədə izahatlar verilib.

Bildirilib ki, belə tədbirlər vasitəsilə dövlət qurumu və vətəndaşların qarşılıqlı əlaqəsi zamanı meydana çıxan hüquqi məsələlərlə bağlı əhali arasında geniş izahat işləri aparılır.

Seminarın sonunda verilən suallar cavablandırılıb və təqdimatla bağlı fikir mübadiləsi aparılıb.

Xatırladaq ki, belə tədbirlər bu ilin yanvar ayından etibarən Lənkəran, Mingəçevir, Şamaxı, Şirvan, Bərdə, Xaçmaz və Beyləqan rayonlarında da təşkil edilib. 


StatCounter - Free Web Tracker and Counter