2022-ci ilin yanvar-avqust aylarında hərrac vasitəsilə 375 nəqliyyat vasitəsi satılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclar vasitəsilə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı işlər davam etdirilir. Digər dövlət əmlakları ilə yanaşı, nəqliyyat vasitələrinin hərracla satışı da həyata keçirilir. 2022-ci ilin yanvar-avqust aylarında nəqliyyat vasitələrinin də özəlləşdirilməyə çıxarıldığı 29 hərrac keçirilib. Hərraclara çıxarılan 721 nəqliyyat vasitəsindən 375-i satılıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 dəfə çoxdur. Nəqliyyat vasitələrinə olan sifarişlərin çoxluğu hərracları daha rəqabətli edib. Belə ki, 2022-ci ilin yanvar-avqust ayları ərzində nəqliyyat vasitələri üzrə ümumilikdə ilkin satış qiyməti 1.467.785 manat olsa da, rəqabətli hərrac nəticəsində bu, 1.843.318 manat təşkil edib. Başqa sözlə, təklif ilkin satış qiymətindən 375.533 manat çox olub.
Cari ilin ilk 8 ayı ərzində nəqliyyat vasitələrinin özəlləşdirilməsindən dövlət büdcəsinə daxil olan vəsait ötən ilin eyni dövrü ilə müqayisədə 3,9 dəfə çoxdur.