“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası bu dəfə Məmmədli kəndinin sakinləri üçün keçirilir
Hazırda kampaniya Abşeron rayonunun Məmmədli kəndində davam edir. Belə ki, 30 iyul tarixindən 3 avqustadək saat 09:00-dan 17:00-a qədər Məmmədli kəndi, Əli Bayramov küçəsi 30 ünvanında komitənin mobil ofisləri fəaliyyət göstərəcək. Kənd sakinləri daşınmaz əmlakın bütün növ qeydiyyatı xidmətləri ilə bağlı komitə əməkdaşlarına müraciət edə bilər.
Ötən həftə kampaniyanın ünvanı Abşeron rayonu, Saray qəsəbəsi olub. Qəsəbədə yerləşən komitənin mobil ofislərində sakinlərə daşınmaz əmlakla bağlı bütün növ qeydiyyat xidmətlərindən istifadə etmək imkanı verilib. Belə ki, qəsəbə əhalisi tərəfindən 200-dən artıq müraciət daxil olub, 60-a yaxın sənəd qəbul edilib. Qəbul edilən sənədlər əsasən fərdi yaşayış evlərinə, həyətyanı torpaq sahələrinə aid olub. Kampaniya zamanı əhaliyə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı lazımi məlumatları özündə əks etdirən informasiya bukletləri və bildirişlər paylanılıb.
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı sosial layihə nəticəsində sadə və operativ şəkildə daşınmaz əmlaklar qeydiyyata alınır, onlara çıxarış verilir. Sənədləşdirmə nəticəsində vətəndaşların mülkiyyət hüququ təmin olunur. Kampaniyanın keçirildiyi ərazilərin sakinləri fərdi yaşayış evləri, bağ evləri, həyətyanı torpaq sahələri və digər daşınmaz əmlaklar ilə bağlı sənədlərini mobil ofislərə təqdim edə bilirlər.
Ölkədə etibarlı və hüquqi daşınmaz əmlakların sayının artırılmasına, vətəndaşların bu istiqamətdə xidmətlərdən səyyar formada istifadəsinə yönələn kampaniya bütün bölgələr üzrə davam edəcək. Respublikanın müxtəlif şəhər və rayonlarında mobil ofislərin göstərəcəyi xidmətlərlə bağlı əhaliyə əvvəlcədən məlumat verilir.
Vətəndaşlar əmlakın qeydiyyatı ilə bağlı müraciət etməzdən əvvəl rüsum və xidmət haqları barədə məlumat əldə etmək imkanına malikdirlər. Belə ki, onlar komitənin internet saytına (emdk.gov.az) daxil olaraq “Əmlakın qeydiyyatı kalkulyatorundan” istifadə etməklə əmlakın müxtəlif qeydiyyat xidmətləri ilə bağlı xərclərini əvvəlcədən müəyyən edə bilər.