“Çaykənd” bazalt yatağı hərraca çıxarılıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.
Göygöl rayonunda yerləşən “Çaykənd” bazalt yatağının 10,8 hektar sahəsi hərraca çıxarılıb. Adıçəkilən yatağın ilkin start qiyməti 354 800 manatdır. Hərracda iştirak etmək istəyən şəxslər 35 480 manat beh məbləğini ödəməlidirlər.
Hərracda iştirakla bağlı iddiaçılar sənədləri 7 sentyabr 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi 31 ünvanına təqdim edə bilərlər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında ( https://clck.ru/sYqPW) və “Özəlləşdirmə portalı”nda ( https://clck.ru/sYqRX ) tanış olmaq olar.