İnvestorların biznes ideyalarını reallaşdıracaq növbəti imkan: Bu dəfə özəlləşdirilməyə 151 dövlət əmlakı çıxarıldı
Bu hərracda da investorlar üçün müxtəlif növ biznes ideyalarının reallaşmasına imkan verə biləcək kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanı yaradılıb. Məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrə aid olan bu əmlaklardan biri də ümumi faydalı sahəsi 339 kv.m olan Əmlak kompleksidir. Qax rayonu, Əmbərçay kəndində yerləşən bu obyekt torpaq sahəsi ilə birgə özəlləşdiriləcək. İlkin qiyməti 75 min manat təyin olunmuş əmlak investora müxtəlif xidmət sahələrində yüksək gəlir gətirə bilər. Alıcıların geniş ticarət planlarını reallaşdıracaq çoxsaylı mağazalar da budəfəki hərraca çıxarılıb. Onlardan biri də Bakı şəhəri, Nərimanov rayonu, H.Məmmədov küçəsində yerləşən ümumi faydalı sahəsi 398 kv.m olan 7 saylı mağazadır.
Hərraca çıxarılan ictimai iaşə və məişət xidmətləri göstərə biləcək qeyri-yaşayış sahələri yerləşdiyi ərazi, ümumi faydalı sahəsi və təyin olunan ilkin qiymətinə görə müxtəlifdir. Belə ki, onlardan 24-ü Bakıda, 8-i Sumqayıtda, 1-i isə Xızıda yerləşir. Bu qeyri yaşayış sahələrinin ümumi faydalı sahəsi 14 kv.m ilə 1612 kv.m, təyin olunan ilkin qiymət isə 2 min 500 manat və 1 milyon 500 min manat aralığındadır.
Özəlləşdirilməyə çıxarılan müxtəlif ölkələrdə istehsal olunan nəqliyyat vasitələrinin buraxılış tarixi 1994-2008 illəri əhatə edir. Bu avtomobillər Hyundai, Mercedes, Fiat, BMW və digər məşhur markalara aiddir.
Hərraclarda təqdim olunan imkanlardan istənilən şəxs yararlana bilər. Özəlləşməyə çıxarılan dövlət əmlakları haqqında ətraflı məlumat öyrənmək və hərrac iştirakçısına çevrilmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.