Xidməti vətəndaş ünvanına aparan kampaniya bu dəfə Yevlaxda
Müxtəlif ərazilərdə əhalini kütləvi formada çıxarışlarla təmin edən digər bir sosial layihə növbəti dəfə 20 iyul tarixində reallaşdı. Bu dəfə xidmətləri vətəndaşın olduğu məkanda göstərən mobil ofislərin ünvanı Yevlax rayonu oldu. Kampaniya zamanı rayonun Nərimanabad, Səmədabad və Bünyadabad kəndlərinin sakinləri daşınmaz əmlak xidmətlərindən yararlandılar. Birbaşa yaşayış ünvanlarına gətirilən, əlçatanlıq amilini özündə əks etdirən qeydiyyat prosesindən 150-yə yaxın sakin istifadə etdi. Rayonda baş tutan layihə çərçivəsində mobil ofislərdə 100-ə yaxın sakinə əmlaka dair çıxarışlar təqdim olundu. Bunlardan 60-a yaxını Nərimanabad, 20-yə yaxını Bünyadabad, 10-dan çoxu isə Səmədabad kəndinə aid olub. Verilən çıxarışların əksəriyyətini kənd təsərrüfatı torpaqları, fərdi yaşayış evləri, həyətyanı torpaqlar təşkil edib. Kampaniya zamanı 50-yə yaxın rayon sakinindən çıxarışın hazır olunacağı vaxt bildirilməklə ilkin hüquqmüəyyənedici sənədlər qəbul edildi.
Çıxarış veriləcək əmlakların müayinəsi, çöl-ölçmə işləri, texniki plan-ölçülərinin müəyyən olunması mobil ofislərdə yaradılan şərait nəticəsində reallaşdı. Yevlax rayonunda sakinlərə daşınmaz əmlakla bağlı qeydiyyat xidmətləri ilə bərabər, bu sahədə bir sıra hüquqi xidmətlər də göstərildi. Daşınmaz əmlakla bağlı prosedurlar, tələb olunan sənədlər barədə vətəndaşları maraqlandıran suallar komitə əməkdaşları tərəfindən cavablandırıldı. Eləcə də, müasir texniki imkanlardan istifadə edərək vətəndaşlara göstərilən yeni innovativ xidmətlər barədə rayon sakinləri məlumatlandırıldı. Qeyd edildi ki, vətəndaşlar çıxarışlarını 1 iş günü müddətində də ala bilirlər.
Sosial kampaniyada hər bir çıxarış almaq istəyən vətəndaşa xüsusi diqqətin göstərilməsi ilə yanaşı, onların məişət fəaliyyətinə uyğun xidmət şəraiti də yaradılır. Belə ki, çıxarışlar kəndlilərin əkin-biçin ilə məşğul olduğu kənd təsərrüfatı sahələrində, tarlalarda, əmək müəssisələrində də təqdim olunur. Sosial layihənin müsbət tərəflərindən biri də fiziki məhdudiyyətli şəxslərə qeydiyyat prosesinin birbaşa evlərində göstərilməsidir.
Komitə tərəfindən belə sosial layihələrin keçirilməsi ilə vətəndaşlar qeydiyyat xidmətlərindən daha operativ formada, iş rejimini pozmadan, əlavə ünvanlara getmədən istifadə edirlər. Kampaniya həm də daşınmaz əmlakın hüquqi etibarlılığının və iqtisadi faydalılığının daha da artırılması istiqamətində yüksək fayda verir. Təqdim olunan xidmətlər nəticəsində torpaq sahibləri, fermerlər, kənd təsərrüfatı ilə məşğul olanlar eləcə də mənzil sahibləri əmlaklarından müxtəlif sahələrdə səmərəli istifadə edirlər.