İqtisadiyyat Nazirliyində yaradılmış İşçi qrupunun üzvləri “ASK Şüşə” MMC ilə tanış olublar
Özəlləşdirməyə açıq olan müəssisə və obyektlərin səmərəli özəlləşdirilməsi məqsədilə İqtisadiyyat Nazirliyində yaradılmış İşçi qrupunun üzvləri “ASK Şüşə” MMC-nin mövcud vəziyyəti ilə tanış olublar.
İlk olaraq İşçi qrupunun üzvləri, müəssisənin rəhbər şəxsləri və “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin nümayəndələrinin iştirakı ilə görüş keçirilib, müəssisənin cari fəaliyyəti, müəssisənin sağlamlaşdırılması imkanları, texnoloji prosesin səmərəliliyinin artırılması və digər məsələlər müzakirə edilib.
Sonra İşçi qrupunun üzvləri adıçəkilən müəssisənin Bakının Qaradağ və Binəqədi rayonlarında yerləşən istehsal sahələrinin ərazisinə baxış keçirib, xammal qəbulu sahəsində, şüşə tara istehsalı sexlərində, hazır məhsul anbarlarında olublar.
Baxış zamanı “ASK Şüşə” MMC-nin avadanlıq və qurğularının faktiki vəziyyəti, özəlləşdirilmə perspektivləri, istehsal sahələrinin texnoloji bağlılığı və istehsal olunan məhsullar barədə məlumat verilib. Qrup üzvlərinə qeyd olunan müəssisələrin restrukturizasiyası ilə bağlı təkliflərinin növbəti iclasadək təqdim edilməsi tövsiyə olunub.