Özbəkistanla iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətləri müzakirə olunub
Azərbaycan-Özbəkistan əlaqələri inkişaf edir, dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət kəsb edir. Bu fikirlər İqtisadiyyat naziri Mikayıl Cabbarovun Özbəkistanın İnvestisiya və xarici ticarət nazirinin birinci müavini cənab Laziz Kudratovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdə səsləndirilib. Qeyd edilib ki, hazırda uğurla inkişaf edən iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya əlverişli platformadır. Iqtisadiyyat naziri ölkələrimizin iqtisadi tərəfdaşlığının gücləndirilməsi imkanlarını diqqətə çatdırıb, Özbəkistan iş adamlarını birgə fəaliyyətə dəvət edib.
Özbəkistanın İnvestisiya və xarici ticarət nazirinin birinci müavini Laziz Kudratov ölkəsinin Azərbaycanla əlaqələrə böyük önəm verdiyini bildirib, birgə layihələrin iqtisadi əməkdaşlığın inkişafında rolunu vurğulayıb.
Görüşdə sənaye, investisiya, ticarət, nəqliyyat-tranzit, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq imkanlarından daha geniş istifadə edilməsi, işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələrdə Özbəkistan şirkətlərinin iştirakı barədə müzakirələr aparılıb.