Torpaq idarəçiliyi ilə bağlı Ağcabədidə İşgüzar forum keçirilib
İşgüzar Forumların keçirilməsinin əsas məqsədi bələdiyyələri, iri torpaq mülkiyyətçilərini digər aidiyyəti qurumları torpaqların qanunvericiliyin tələblərinə uyğun istifadəsi ilə bağlı məlumatlandırmaq, onlara torpaqların kateqoriyası və təyinatına uyğun istifadəsi ilə əlaqədar müvafiq qanunun müddəalarına riayət edilməsinin vacibliyini bildirməkdir. Eyni zamanda torpaq istifadəçilərinə bu sahədəki hüquq və vəzifələrini agah etmək, vətəndaşlara torpaqlar ayrılan zaman qanunvericiliyin tələblərinə əməl olunmasının vacibliyini bildirmək, torpaqların təyinatının dəyişdirilməsi qaydalarını izah etmək də forumun əsas vəzifələrindəndir.
Tədbirdə dövlət, bələdiyyə və xüsusi mülkiyyətə aid torpaqların kateqoriyasına zidd olaraq torpaq sahələrində tikintilərin aparılması barədə məsələlər izah olunub. Qeyd olunub ki, bəzi yerlərdə torpaqların münbit qatının korlanması ilə nəticələnən, mühafizə zolaqlarının tələblərinə riayət edilməyən torpaq istifadəçiliyinə rast gəlinir. Aparılan monitorinqlər zamanı qanunsuz fəaliyyət göstərən karxanalar, süni göllər aşkar edilir. Bundan başqa bir sıra hallarda vətəndaşlar onlara məxsus mülkiyyətin ətrafındakı torpaqları zəbt edir və hasarlayırlar.
Forumda kənd təsərrüfatı torpaqlarının istifadəsiz saxlanılması və ya kateqoriyasına zidd istifadəsi barədə məsələlər müzakirə edilib. Torpaq bazarının formalaşması və torpaq inzibatçılığı ilə bağlı yaranan məsələlər barəsində fikir mübadiləsi aparılıb. Qeyd edilib ki, artıq müxtəlif torpaq istifadəçiliyi ilə bağlı məlumat bankı yaradılır.
Daha sonra Komitə nümayəndəsi “Torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsini tənzimləyən normativ hüquqi aktlar, onların tələbləri, bu tələblərin pozulması halları və onları yaradan səbəb və şərait barədə” təqdimatla çıxış edib. Bundan başqa torpaqların təyinatının dəyişdirilməsi, bələdiyyə torpaqlarının ayrılması və hərraclar vasitəsilə satılması qaydaları da izah edilib. Bələdiyyələr tərəfindən torpaqlar ayrılan zaman komitənin rəyinin alınmasının vacibliyi bildirilib. Torpaq idarəçiliyində normativ hüquqi aktların tələbləri, bu tələblərin pozulması halları, onları yaradan səbəb və şərait barədə məlumat verilib. Bundan başqa iştirakçılar bu sahədə müasir dövrün çağrışları nəzərə alınaraq tətbiq edilən yeni prinsiplər və mexanizmlər barədə informasiya əldə ediblər. Bildirilib ki, torpaqların idarə edilməsində Peyk Nəzarət Sistemindən istifadə olunmasına başlanılır. Bu da torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcəkdir.
Sonda vətəndaşları maraqlandıran, torpaqla bağlı gündəlik qarşılaşdıqları məsələlərə dair suallar dinlənilib. Onlara komitənin nümayəndələri tərəfindən müvafiq qanunvericilik aktlarının tələblərinə uyğun olaraq zəruri izahatlar verilib.