Vətəndaşların əmlak məsələləri ilə bağlı qaynar xəttə olan müraciətləri operativ həll olunur, hüquqi məsləhətlər verilir
Belə ki, müraciətlərin bir qismi vətəndaşlara müvafiq qurum tərəfindən ayrılmış və ya alqı-satqı ilə əldə etdikləri torpaq sahələrinin, kommersiya məqsədli qeyri-yaşayış sahələrinin özəlləşdirilməsi, digər qismi fərdi həyət evləri və mənzillərə dövlət reyestrindən çıxarışın və texniki pasportun alınması məsələlərini əhatə edib. Qaynar xətt vasitəsilə vətəndaşlara daşınmaz əmlakın qeydiyyatının hüquqi üstünlükləri və sosial faydaları, dövlət reyestrindən çıxarışın alınması, texniki pasportun hazırlanması, ipoteka, lizinq və digər hüquqi əməliyyatların qeydiyyatı ilə bağlı elektron xidmətlər haqqında izahat və məsləhətlər verilib. Komitənin elektron və onlayn xidmətlərinin yaratdığı rahatlıq, şəffaflıq, operativlik və vaxta qənaət kimi üstünlükləri qaynar xəttə müraciət edən vətəndaşlara çatdırılıb. Onlara izah olunub ki, daşınmaz əmlak barədə yüklülük arayışlarını idarələrə getmədən onlayn xidmət vasitəsilə əldə edə bilərlər. Eyni zamanda, öz daşınmaz əmlakları haqqında dövlət reyestrində qeydə alınmış məlumatlarla heç bir ödəniş etmədən, heç bir yerə getmədən elektron xidmətdən istifadə etməklə tanış ola bilərlər.
Qaynar xəttə müraciət etmiş xüsusi sosial təbəqədən olan vətəndaşlara komitənin mobil ofis xidmətləri barədə də məlumat verilib. İzah olunub ki, artıq onların idarələrə getməsinə ehtiyac qalmayıb. Daşınmaz əmlakın qeydiyyatı xidmətləri komitənin xüsusi avtomobilləri vasitəsilə həm Bakı, həm regionlarda vətəndaşların ünvanına çatdırılır.
Həmçinin müraciətlər zamanı qeydiyyatla bağlı xidmət haqqı və rüsumlar, daşınmaz əmlak barədə yüklülük, məhdudiyyət arayışları, ümumi mülkiyyətin bölünməsi, alqı-satqı müqavilələri, vərəsəlik əsasında mülkiyyət hüququnun tanınması və digər özəl mülkiyyət məsələləri ilə bağlı suallar verilib. Bütün sorğuların mahiyyəti üzrə cavablandırılması təmin edilib.
Eyni zamanda sorğu xarakterli müraciətlərin 370-dən çoxu dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsini əhatə edib. 90-a yaxın müraciət isə özəlləşdirmə prosesində keçirilən hərracların təşkili qaydaları, həyata keçirilən elektron hərraclar və hərraclarda iştirak üçün tələb olunan sənədlərlə bağlı olub. Komitənin bu il istifadəyə verdiyi yeni elektron xidmətləri vasitəsilə hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu prosedurları ilə bağlı sorğular da qeydə alınıb və cavablandırılıb. Eyni zamanda, vətəndaşların icarə müqaviləsi əsasında istifadə etdikləri və ya istifadədə olmayan dövlət əmlakının özəlləşdirilməsi barədə müraciətləri olub. Vətəndaşlara icarə haqqı borcunun elektron xidmət vasitəsilə öyrənilməsi imkanı barədə də məlumat verilib. Müraciətlər zamanı Əmlak Məsələləri Dövlət Komitəsinin fəaliyyət sahələri ilə bağlı olmayan suallar da səsləndirilib. Həmin məsələlərlə bağlı vətəndaşların aidiyyəti qurumlara müraciət etməsi ilə bağlı məsləhətlər verilib.
Komitənin qaynar xətlərinə daxil olan müraciətlər sırasında araşdırma tələb edən məsələlər də olub. Həmin müraciətlər qeydə alınıb və həlli məqsədilə zəruri araşdırmalar aparılıb. Araşdırma xarakterli müraciətlər orta hesabla 1 gün müddətində cavablandırılıb.