Əmlak Məsələləri Dövlət Komitəsi ilə Avstriyanın Metrologiya və Mərzçəkmə Federal Qurumu arasında əməkdaşlığa dair Memorandum imzalanıb
Görüş zamanı Azərbaycan və Avstriyada daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sisteminin təkmilləşdirilməsi məsələləri müzakirə edilmiş, milli məkan məlumatları infrastrukturunun formalaşdırılması istiqamətində fikir mübadiləsi aparılmışdır.
Gorüşdə son illər ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bütün sosial-iqtisadi sahələrində olduğu kimi, daşınmaz əmlak idarəçiliyində də əldə edilən nailiyyətlər və tətbiq edilən innovasiyalar qarşı tərəfi təmsil edən nümayəndə heyətinin nəzərinə çatdırılmışdır. Komitə sədri bildirmişdir ki, ölkə rəhbərliyi tərəfindən daşınmaz əmlak idarəçiliyi sahəsində həyata keçirilən islahatların nəticəsi olaraq beynəlxalq reytinq agentliklərinin hesabatlarında Azərbaycan sözügedən sahədə son illər ərzində aparıcı mövqe tutur. Bununla yanaşı, o, Azərbaycan Respublikasında əmlak idarəçiliyi sisteminin səmərəli, şəffaf və çevik şəkildə qurulduğunu və bu sahədə ölkə vətəndaşlarına 40-a yaxın elektron xidmətin göstərildiyini qeyd etmişdir.
Görüş çərçivəsində qurumlar arasında ikitərəfli əməkdaşlıq əlaqələri müzakirə edilmiş və gələcək perspektivlər müəyyən edilmişdir. Bu baxımdan, imzalanmış Anlaşma Memorandumu daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində müvafiq qanunvericiliyin təkmilləşdirilməsi üzrə qarşılıqlı yardım, tərəflər arasında təcrübə və məlumat mübadiləsinin həyata keçirilməsi və məsləhət xidmətlərinin göstərilməsi ilə bağlı Azərbaycan və Avstriya arasında əməkdaşlığı nəzərdə tutur. Memorandumun başlıca məqsədi müvafiq istiqamətdə hər iki ölkənin təcrübəsinin müsbət tərəflərindən qarşılıqlı şəkildə istifadə edilməsi və işçilərin peşəkar səviyyələrinin artırılmasından ibarətdir.
Görüşdə Azərbaycan Respublikasının Avstriya Respublikasındakı Fövqəladə və Səlahiyyətli Səfiri Qalib İsrafilov da iştirak etmişdir.