İlin ilk 3 ayında 193 Çağrı Mərkəzi və onlayn resurslar vasitəsilə 26 763 müraciət daxil olub
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti göstərilən xidmətlərlə bağlı sorğuların dərhal cavablandırılması, vətəndaşların hüquqi məlumatlandırılması və prosedurların izahı məsələlərinə diqqətlə yanaşır. Xidmətin fəaliyyəti ilə bağlı sorğular 193 Çağrı Mərkəzi, rəsmi sayt (emlak.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələr vasitəsilə cavablandırılır.
2022-ci ilin ilk 3 ayı ərzində Çağrı Mərkəzi, onlayn resurslar vasitəsilə Əmlak Məsələləri Dövlət Xidmətinə 26.763 müraciət daxil olub. Onlardan 24.462-si 193 Çağrı Mərkəzinin, 2.301-i isə onlayn resursların payına düşür. Çağrı Mərkəzinə daxil olan müraciətlərin 24.355-i sorğu və müraciət xarakterli, 107-si isə araşdırma tələb edən məsələlər olub.
Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, elektron xidmətlər, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.
Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzi həftəiçi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.