2021-ci ildə daşınmaz dövlət əmlakının icarəsi sahəsində əldə olunmuş nəticələr
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən digər sahələrdə olduğu kimi, dövlət əmlakının icarəyə verilməsi sahəsində də işlər davam etdirilir. Görülən tədbirlər nəticəsində bu sahədə yüksək nəticələr əldə edilib.
İcarə müqaviləsinin sayında artım
Daşınmaz dövlət əmlakının səmərəli istifadə edilməsi və icarədən yayınmış obyektlərin icarəyə cəlb edilməsi məqsədilə aparılmış nəzarət və maarifləndirmə tədbirləri nəticəsində icarə bazasının genişləndirilməsinə nail olunub və bağlanılmış icarə müqavilələrinin sayında artım qeydə alınıb. Belə ki, 2021-ci il ərzində ümumilikdə 1845 yeni icarə müqaviləsi bağlanılıb. Bundan 841-i qeyri-yaşayış sahələri üzrə, 1004-ü isə torpaq sahələrinə dair olub.
Bununla yanaşı, ötən il 497 icarə müqaviləsinin müddəti uzadılıb, 176 icarə müqaviləsi ləğv edilib. 2020-ci illə müqayisədə 2021-ci il ərzində 1430 və ya 4,4 dəfə çox icarə müqaviləsinin bağlanılması təmin olunub.
İcarədən daxilolmalar
Daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən ötən ildə dövlət büdcəsinə ümumilikdə 16,2 milyon manatdan artıq vəsait ödənilib və illik proqnoz 147,4% yerinə yetirilib. Qeyd edək ki, 2019-cu illə müqayisədə 2021-ci ildə icarədən dövlət büdcəsinə 4,8 milyon manat və ya 41,7%, 2020-ci illə müqayisədə isə 5,9 milyon manat və ya 57,4% çox vəsait ödənilib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ötən il 22 təşkilat qeyri-yaşayış sahəsi ilə təmin olunub. Bu təşkilatlara təqdim edilən qeyri-yaşayış sahəsi 29 015 kvadratmetrdir.