10 iyul hərracına hansı dövlət əmlakları çıxarıldı?
Bu dəfə də hərracda kiçik dövlət müəssisə və obyektləri ərazi, qiymət, faydalılıq baxımından çoxçeşidlidir. Belə ki, ilkin hərrac qiyməti 900 manat və 400 min manat aralığında olan belə əmlaklar Bakı, Qax, Mingəçevir və digər bölgələrdə yerləşir. Mövcud obyektlər potensial investorun müxtəlif sahələrdə biznes fəaliyyətini reallaşdırmasını mümkün edə bilər.
Hərracda böyük investisiya yatırmaq iddiası olan şəxslər üçün seçim imkanı genişdir. İlkin qiyməti 400 min manat, ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxın olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən 42 saylı mağaza müxtəlif istiqamətdə fəaliyyətə imkan verir
Prosesə çıxarılan müəssisələr arasında İsmayıllı şəhərində yerləşən Ziyalılar evinin yarımçıq tikilisi, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, "Çinar" soyuducular zavodunun Şəmkir filialı kimi əmlaklar var. Hərracda fəaliyyətini bərpa etməklə gəlir gətirə biləcək əmlaklar sırasında Masallıda Kənd Məhsulları İstehsalı və Emalı üzrə yardımçı təsərrüfatı göstərmək olar. Belə ki, əhalinin kənd məhsullarına olan tələbatının yüksək olduğunu nəzərə alsaq, əmlakı olduqca gəlirli obyektə çevirmək mümkündür. Əmlakın ümumi faydalı sahəsi 980 kv.m-dən çox, torpaq sahəsi isə 26 min kv.m-dən artıqdır. Tikinti sahəsində betona olan tələbi təmin edərək gəlir götürmək üçün Gəncə şəhəri Kəpəz rayonunda yerləşən Beton və məhlul istehsal edən sahə uğurlu seçim ola bilər.
Hərraca çıxarılan qeyri-yaşayış sahələrindən 37-si Bakıda, qalanları isə Gəncə, Sumqayıt, Mingəçevir və digər şəhərlərdə yerləşir. Bu əmlakların ümumi faydalı sahəsi 11 kv.m ilə 154 kv.m arasında dəyişir. Mingəçevir şəhəri, Dilarə Əliyeva küçəsində yerləşən əmlak ictimai iaşə və xidmət sahəsinə öz töhfəsini verə bilər.
Ölkə vətəndaşları ilə bərabər xarici investorların da prosesə elektron hərrac vasitəsilə qoşulması olduqca rahatdır. Onlayn şəkildə qeydiyyatdan keçərək, ilkin qiymətin 10%-i həcmində beh ödəyib, seçdikləri əmlakı sifariş edə bilərlər. Qeyd edək ki, komitənin keçirdiyi hərracda istənilən şəxs sifarişçi və müşahidəçi kimi iştirak edə bilər.
Hərracların keçiriləcəyi vaxt, prosesə çıxarılan dövlət əmlakları barədə ətraflı məlumatlar və sifariş proseduruna keçid Özəlləşdirmə portalı (privatization.az), Komitənin rəsmi saytı (emdk.gov.az) və sosial şəbəkələrdəki rəsmi səhifələrdə yerləşdirilir.