İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması məqsədilə hərracların keçirilməsi davam etdirilir. Dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti belə hərrac 7 dekabrda keçirilib. Hərracda 13 nəqliyyat vasitəsi özəlləşdirilib.

Ötən hərraclarda olduğu kimi, bu dəfə də nəqliyyat vasitələrinin özəlləşdirilməsinə maraq kifayət qədər böyük olub və hərrac rəqabətli keçib. Belə ki, Vaz 21214 markalı nəqliyyat vasitəsinin ilkin start qiyməti 3 500 manat olsa da, rəqabət nəticəsində son hərrac qiyməti 5 350 manata yüksəlib. Rəqabətli olması ilə seçilən daha bir nəqliyyat vasitəsi istehsal ili 2004-ci olan “Tofaş Şahin” markalı avtomobil olub. Hərracda bu nəqliyyat vasitəsinin ilkin start qiyməti 2 000 manat olmasına baxmayaraq, 3 300 manata sahibini tapıb.

Qeyd edilməlidir ki, 7 dekabr hərracında özəlləşdirilmiş əmlaklardan 48 590 manat vəsaitin dövlət büdcəsinə daxil olması nəzərdə tutulur.

Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış olmaq mümkündür: ( https://bit.ly/30SU4lu )  

Məlumat üçün bildiririk ki, 21 və 28 dekabr tarixlərində keçiriləcək növbəti hərraca müvafiq olaraq 12 səhmdar cəmiyyətinin dövlətə məxsus səhm paketi və 18 kiçik dövlət müəssisəsi, 1 yarımçıq tikili çıxarılacaq.

Hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.

Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.