İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən dekabrın 14-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

Göygöl rayonunda yerləşən “Hacıməlikli” qum-çınqıl yatağının 20 hektar sahəsi, Goranboyda olan “Yuxarı Ağcakənd” gips-anhidrid yatağının 5 hektar sahəsi, “Qarasuçay” qum-çınqıl yatağının 33 hektar sahəsi, İsmayıllı rayonunda yerləşən “Girdimançay” qum-çınqıl yatağının 4 hektar sahəsi hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 7 dekabr saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda ölkəmizin və xarici dövlətlərin hüquqi və fiziki şəxsləri iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcəkdir.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3nh7H6S) və Özəlləşdirmə portalında (https://bit.ly/3nhXkQi) tanış olmaq mümkündür.

Qeyd edək ki, cari ildə 12 faydalı qazıntı yatağı hərrac qaydasında istifadəyə verilib.