İqtisadiyyat Nazirliyində Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirilib
İqtisadiyyat Nazirliyində Vətən müharibəsində iştirak etmiş əməkdaşlarla görüş keçirilib.
Əvvəlcə torpaqlarımızın azad olunması uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, hərbi və siyasi müstəvidə atdığı düşünülmüş addımlar, Ordumuzun şücaəti nəticəsində qazanılan böyük Zəfəri, Vətən müharibəsində mübariz, igid oğullarımızın qələbə əzmini, yüksək döyüş məharətini vurğulayıb. Qeyd olunub ki, şanlı və möhtəşəm Qələbə üçün qəhrəmanlarımıza, canlarını torpağına qurban verən şəhidlərimizə, Vətən uğrunda sağlamlığını fəda edən qazilərimizə borcluyuq.
Nazir 44 günlük Vətən müharibəsində tarix yazan qəhrəman əsgər və zabitlərimiz sırasında İqtisadiyyat Nazirliyinin 146 əməkdaşının da olduğunu, həmkarımız Asəf Nəsibovun şəhidlik zirvəsunə yüksəldiyini vurğulayıb.
Bildirilib ki, ərazi bütövlüyünü təmin etmiş Azərbaycan indi daha güclüdür və qüdrətini daha da artırmaq əzmindədir. İnanırıq ki, haqq savaşından qələbə ilə dönən qəhrəmanlarımız azad olunmuş ərazilərimizin bərpasında, abadlıq-quruculuq işlərində, bütünlükdə ölkəmizin iqtisadi həyatında fəal iştirak edəcəklər.
Vətən müharibəsi qəhrəmanı, general-mayor Kənan Seyidov Azərbaycan Ordusunun göstərdiyi rəşadət, peşəkarlıq və qəhrəmanlıqlar barədə danışıb, iştirak etdiyi döyüşlər barədə xatirələrini bölüşüb.
İqtisadiyyat Nazirliyinin əməkdaşları Cavid Bağırov və Anar Məmmədov Vətən müharibəsində keçdikləri döyüş yolundan söhbət açıblar.
Tədbirdə şanlı Qələbənin tarixinə, həmçinin İqtisadiyyat Nazirliyinin şəhid əməkdaşı Asəf Nəsibovun xatirəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.
Görüş bədii hissə ilə davam edib.