İyunun ilk hərracı da rəqabətli keçdi
Ümumi faydalı sahəsi 22 kv.m, ilkin qiyməti 5 min 500 manat olan, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsində yerləşən dövlət əmlakı da hərracda rəqabət yaratdı. Həmin əmlaka edilən sifarişlərin çoxluğu obyektə edilən təklifi 6 min 500 manata qədər artırdı. Qəbələ rayonunun Nic kəndində yerləşən, 10 min kv.m-ə yaxın torpaq sahəsi, 500 kv.m-ə yaxın ümumi faydalı sahəsi olan Əmlak kompleksi də hərracda özəlləşdirildi. Bu əmlakın yenidən qurulması turizm sektorunda biznes fəaliyyətini mümkün edir. Qeyd edilməlidir ki, ərazi faktoru baxımından da uğurlu seçim olan belə əmlaklar gələcəkdə gəlirli xidmət obyekti kimi istifadə oluna bilər.
Müəssisə və obyektlərlə bərabər nəqliyyat vasitələri də hərraclarda əhalinin maraq dairəsindədir. Bu hərracda sifarişçi buraxılış ili 2008, yürüş məsəfasi 22500 km olan Hyundai TG markalı nəqliyyat vasitəsi üçün 12 min manat ödəməklə avtomobil almaq arzusunu reallaşdırdı.
Keçirilən hərraclar cəmiyyətin müxtəlif əhali kateqoriyalarına geniş seçim imkanı verir. Belə ki, böyük investisiya tələb edən obyektlərlə yanaşı, az sərmayə ilə özəlləşdirilə bilən dövlət əmlakları da hərraca çıxarılır. Özəlləşdirilmiş müəssisələr yenidən qurulub investorlar üçün yüksək gəlir mənbəyinə çevrilməklə bərabər, ölkə üzrə məşğulluq səviyyəsinin artmasına səbəb olur.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac 12 iyun tarixində keçiriləcək. Bu hərracda da investorlar üçün maraqlı ola biləcək dövlət əmlakları mövcuddur. Belə ki, özəlləşdirilməyə müxtəlif sahələrə aid 177 dövlət əmlakı çıxarılıb. Bunlardan 18-i səhmdar cəmiyyətləri, 96-sı kiçik dövlət müəssisə və obyekti, 58-i istifadəsiz qeyri-yaşayış sahəsi, 5-i isə nəqliyyat vasitəsidir. Hərraca çıxarılan əmlaklar barədə bütün məlumatlar Özəlləşdirmə portalında (http://privatization.az) və Komitənin rəsmi saytında (http://emdk.gov.az) yerləşdirilir və mütəmadi olaraq yenilənir. Hərraca qatılmaq istəyən şəxslər portal üzərindən əmlakı seçib sifariş edə bilərlər.