Almaniyanın daşınmaz əmlakın özəlləşdirilməsi və idarə edilməsi qurumunun nümayəndə heyəti Bakıda işgüzar səfərdə olmuşdur
Davam edən əməkdaşlıq çərçivəsində Almaniya Federal Maliyyə Nazirliyinin VIII Baş İdarəsinin Baş direktoru cənab Bruno Kahlın başçılıq etdiyi nümayəndə heyəti 16-17 sentyabr 2014-cü il tarixlərində Bakı şəhərində səfərdə olmuşdur.
Səfər çərçivəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri cənab Kərəm Həsənovla Almaniya Federal Maliyyə Nazirliyinin VIII Baş İdarəsinin Baş direktoru cənab Bruno Kahl arasında görüş keçirilmişdir.
Qonaqları səmimi salamlayan komitə sədri cənab Kərəm Həsənov bildirdi ki, son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Almaniya Federativ Respublikası ilə ikitərəfli əməkdaşlıq əlaqələri getdikcə inkişaf etməkdədir. Görüş çərçivəsində Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlardan, ölkəmizin dinamik inkişaf templərindən söhbət edildi. Belə ki, regionların tarazlı və davamlı inkişafı, bölgələrdə infrastrukturun yenidən qurulması, sahibkarlığın inkişafı, qeyri-neft sektorunun inkişaf etdirilməsi sahəsində uğurlu nəticələr əldə edilir.
Komitənin vəzifə və funksiyalarının icrası sahəsində səmərəliliyin və operativliyin daha da artırılması, habelə şəffaflığın təmin olunması məqsədi ilə həyata keçirilən işlər, o cümlədən elektron xidmətlərin geniş tətbiqi barədə qonaqlara məlumat verilmişdir. Eyni zamanda, görüş çərçivəsində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı və kadastrı sahəsində həyata keçirilən işlər və əldə olunmuş nəticələr barədə danışılmışdır. Komitənin beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyi qeyd edilmiş, fəaliyyət sahələrində səmərəliliyin daha da artırılması məqsədi ilə beynəlxalq təcrübədən istifadənin zəruri olduğu vurğulanmışdır.
Öz növbəsində cənab Bruno Kahl səmimi qəbula görə minnətdarlığını ifadə etdi və ölkəmizdə həyata keçirilən quruculuq işləri və inkişaf templərinin onda xoş təəssürat yaratdığını vurğuladı. O, ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafından söhbət açdı. Gələcəkdə Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının aidiyyəti qurumları arasında ikitərəfli əlaqələrin daha da genişləndirilməsi və inkişaf etdirilməsində yaxından köməklik edəcəyini qeyd etdi.
Görüşdə həmçinin Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Almaniya Federativ Respublikasının Federal Maliyyə Nazirliyi arasında əməkdaşlıq barədə imzalanmış Anlaşma Memorandumundan irəli gələn məsələlər də müzakirə edilmişdir.
Görüşdən sonra Almaniyanın nümayəndə heyəti komitə yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsində olmuşdur. Burada nümayəndə heyətinin üzvləri qurumun fəaliyyəti, daşınmaz əmlakın və əmlak üzərində mülkiyyət hüquqlarının qeydiyyatı proseslərinin gedişatı və vətəndaşlara göstərilən xidmətlərlə yaxından tanış olmuşlar.
Səfərin sonuncu günü nümayəndə heyəti Almaniyanın “GIZ” təşkilatının mütəxəssisləri ilə birgə “Yeni BEMZ” açıq səhmdar cəmiyyətində olmuş, müəssisə üçün hazırlanmış restrukturizasiya və sağlamlaşdırma proqramının icra vəziyyəti ilə tanış olmuşdur.
Qeyd edilməlidir ki, digər Avropa ölkələri ilə yanaşı, Almaniyanın özəlləşdirmə və dövlət əmlakının idarə edilməsi sahəsində əldə etdiyi zəngin təcrübə ikitərəfli əməkdaşlıq əlaqələri üçün xüsusi əhəmiyyət daşıyır. Bu səbəbdən, ötən ilin fevral ayında Əmlak Məsələləri Dövlət Komitəsi sədrinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti Almaniyanın Berlin şəhərində olmuşdur. Səfər çərçivəsində dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində ikitərəfli əməkdaşlığa dair Almaniya Federal Maliyyə Nazirliyi ilə Anlaşma Memorandumu imzalanmışdır. Memorandumda dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi ilə bağlı qanunvericilik sahəsində qarşılıqlı yardım, təcrübə və məlumat mübadiləsi, qarşılıqlı işgüzar səfərlərin təşkili, məsləhət xidmətlərinin göstərilməsi və investorların özəlləşdirmə prosesinə cəlb edilməsi sahəsində əməkdaşlıq məsələləri nəzərdə tutulmuşdur. Anlaşma Memorandumu Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanı ilə təsdiq edilmişdir.