2021-ci ilin 9 ayı ərzində dövlət qeydiyyatına alınmış daşınmaz əmlakların sayı 24% artıb
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlakın qeydiyyatı sahəsində prosedurun sadələşməsi, vətəndaş məmnunluğunun artırılması, elektron xidmətlərin genişləndirilməsi istiqamətində işlərini davam etdirir.
Tətbiq edilən yeniliklər, xidmətlərin müasirləşdirilməsi daha çox əmlakın qeydiyyata alınmasına səbəb olub. Ötən ilin eyni dövrü ilə müqayisədə daşınmaz əmlakın qeydiyyatı 24% artıb. Belə ki, 2021-ci ilin yanvar-sentyabr ayları ərzində 219 968 daşınmaz əmlakın dövlət qeydiyyatı aparılıb. Bunun 48 607-si ilkin, 171 361-i isə təkrar qeydiyyatdır. Məlumat üçün bildiririk ki, ilkin qeydiyyat daşınmaz əmlaka dair hüquqların dövlət tərəfindən ilk dəfə tanınmasıdır. Təkrar qeydiyyat isə əvvəlki dövrdə verilmiş mülkiyyət sənədlərinin yeni sənədlərlə (çıxarışla) əvəzlənməsi, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış daşınmaz əmlakın özgəninkiləşdirilməsi və ya qanunvericilikdə nəzərdə tutulan digər əsaslarla başqasına keçməsi nəticəsində yaranan hüquqların dövlət tərəfindən tanınmasıdır.
Cari ilin yanvar-sentyabr ayları ərzində mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 35 260-ı fərdi yaşayış və bağ evi, 66 763-ü mənzil, 108 753-ü torpaq sahəsi, 2 560-ı qeyri-yaşayış binası, 6 040-ı qeyri-yaşayış sahəsi, 557-si əmlak kompleksi, 35-i isə çoxmərtəbəli yaşayış binasıdır.
2021-ci ilin 9 ayı ərzində 11 844 fərdi yaşayış və bağ evi ilkin dövlət qeydiyyatına alınıb. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə ilkin olaraq qeydiyyata alınan fərdi yaşayış və bağ evlərinin sayı 16,5% artıb. Anoloji hal torpaq və qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatında da müşahidə edilib. Belə ki, 2020-ci ilin 9 ayı ilə müqayisədə bu ilin yanvar-sentyabr ayları ərzində torpaq sahələrinin ilkin qeydiyyatı 22,2% artaraq 11 632, qeyri-yaşayış sahələrinin ilkin qeydiyyatı 40,6% artaraq 2 929 olub.
Fərdi yaşayış və bağ evlərinin, mənzillərin, qeyri-yaşayış sahəsinin, torpaq sahələrinin təkrar qeydiyyatı da artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin yanvar-sentyabr ayları ərzində təkrar qeydiyyat fərdi yaşayış və bağ evləri üzrə 39,2% artaraq 23 416, mənzillər üzrə 47,5% artaraq 44 919, torpaq sahələri üzrə 24,3% artaraq 97 121, qeyri-yaşayış sahəsi üzrə 51,2% artımla 3 111 təşkil edib.
Ümumilikdə isə, ötən ilin 9 ayı ilə müqayisədə cari ilin yanvar-sentyabr ayları ərzində ölkə üzrə daşınmaz əmlakın təkrar qeydiyyatı 32,3% artaraq 129 487-dən 171 361-ə yüksəlib.
Cari ilin yanvar-sentyabr ayları ərzində 173 276 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasportu tərtib edilib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 15,1% artım deməkdir. Bundan başqa, hüquqi və fiziki şəxslərə daşınmaz əmlakın təsvirinə, bu əmlak üzərində dövlət reyestrində qeydiyyata alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair 295 481 arayış (Forma-1) verilib. 2020-ci ilin 9 ayı ilə müqayisədə bu növ arayışların sayı 50,1% artıb. Ötən ilin eyni dövrü ilə müqayisədə 2021-ci ilin 9 ayı ərzində qeydiyyata alınan ipoteka müqaviləsinin sayı 52,4% artaraq 36 798 olub.
Qeyd edək ki, daşınmaz əmlakın dövlət qeydiyyatına alınması alqı-satqı, bağışlama, vərəsəlik, sığorta, ipoteka kimi iqtisadi və hüquqi əməliyyatların aparılması üçün zəruridir. Mülkiyyət hüququnun dövlət qeydiyyatı vətəndaşın ona məxsus daşınmaz əmlakından daha etibarlı və leqal formada istifadəsinin təminatıdır.