193 Çağrı Mərkəzi və onlayn xidmətlərdə əmlakla bağlı suallarınız dərhal cavablandırılsın
Bu resurslara 2018-ci ilin yanvar-may aylarında 8 mindən çox müraciət daxil olmuşdur. Onların 5 mindən çoxu 193 vahid Çağrı Mərkəzinin, 3 min-ə yaxını sosial şəbəkələrin, “Privatization.az” portalının onlayn sorğu bölməsinin payına düşür. Daxil olan müraciətlərdən 6 mindən çoxu Bakıdan, 2 minə yaxın isə Gəncə, Ağdam, Gədəbəy və digər regionlardan ünvanlanıb. Qeyd edək ki, orta hesabla ay ərzində 2 minə yaxın, gün ərzində isə 100-ə yaxın müraciət cavablandırılıb.
2018-ci ilin yanvar-may aylarında 193 vahid Çağrı Mərkəzinə əsasən, sorğu tipli müraciətlər daxil olub. Daxil olan müraciətlərin 7728-i sorğu formasında olduğu üçün dərhal cavablandırılıb, 769 müraciətin isə araşdırılacağı barədə müraciət edən şəxslərə məlumat verilib.
Komitə tərəfindən göstərilən bu xidmətlərin həyata keçirilməsi məqsədlərdən biri də cəmiyyətlə mövcud əlaqələri inkişaf etdirmək, əhalinin Komitənin fəaliyyətinə olan münasibətini qiymətləndirməkdən ibarətdir. Daxil olan hər bir müraciət qeydə alınır. Bu da lazımi hallarda əks əlaqənin qurulmasına şərait yaradır. Belə ki, göstərilən “əks zəng” xidməti və sosial sorğular Çağrı Mərkəzinin və onlayn xidmətlərin fəaliyyətini inkişaf etdirir.
Yanvar-may ayları ərzində daxil olan sorğulardan əmlaka (mənzil, fərdi yaşayış evi və torpaq) çıxarışın verilməsi, dövlət əmlakının (və torpaq sahəsinin) özəlləşdirilməsi, ərizə və müraciətlərə baxılması ilə bağlı mövzular üstünlük təşkil edib.
Çıxarışlarla bağlı həyata keçirilən tədbirlərin geniş miqyas alması Çağrı Mərkəzinə edilən müraciətlərə də təsir etmişdir. Belə ki, Komitə tərəfindən ardıcıl olaraq Respublikanın ayrı-ayrı bölgələrində həyata keçirilən kütləvi çıxarış kampaniyası əhali arasında marağa səbəb olub. Bunun nəticəsində məcmu sorğuların 33%-ə yaxını daşınmaz əmlaka çıxarış ilə bağlı olmuşdur.
Çağrı Mərkəzinə edilən müraciətlərin 11%-nin özəlləşdirmə ilə bağlı müraciətlər olmasının səbəbi şəffaf və müasir şəraitdə keçirilən hərracların, əhalinin dövlət əmlakını bu yolla özəlləşdirilməsinə marağının artmasıdır.