İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti göstərilən xidmətlərlə bağlı sorğuların operativ cavablandırılması, vətəndaşların hüquqi məlumatlandırılması və prosedurların izahı məsələlərinə diqqətlə yanaşır. Xidmətin fəaliyyəti ilə bağlı sorğular 193 Çağrı Mərkəzi, rəsmi sayt (emlak.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələri vasitəsilə cavablandırılır.

2021-ci ilin 9 ayı ərzində Çağrı Mərkəzi, rəsmi saytı və sosial şəbəkələrdəki hesabları  vasitəsilə Əmlak Məsələləri Dövlət Xidmətinə 53 855 müraciət daxil olub. Onlardan 51 502-si 193 Çağrı Mərkəzinin, 2 353-ü isə onlayn resursların payına düşür. Çağrı Mərkəzinə daxil olan müraciətlərin 51 033-ü sorğu və müraciət xarakterli, 469-u isə araşdırma tələb edən məsələlər olub.

Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzi həftəiçi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.