“Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC üzrə investisiya müsabiqəsinin qalibi elan olunub
“Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”na və “İnvestisiya müsabiqəsinin keçirilməsi Qaydaları”na uyğun olaraq, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti fəaliyyət göstərməyən sənaye müəssisələrinin yenidən qurulması və inkişaf etdirilməsi istiqamətində işlərini davam etdirir.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 25 iyun 2021-ci il tarixində Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsində yerləşən “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin nizamnamə kapitalının 97,7 faizini təşkil edən 1 465 388 səhminin satışı üzrə investisiya müsabiqəsi elan edilib. Aidiyyəti dövlət qurumlarının nümayəndələrinin təmsil olunduğu Müsabiqə Komissiyası tərəfindən potensial iddiaçılar qarşısında qoyulan maliyyə, iqtisadi, investisiya və sosial şərtlər müəyyənləşdirilib.
Əsas şərtlər müəssisəyə investisiya qoyuluşu, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, istehsalda müasir texnologiyaların tətbiqi, ekoloji tarazlığın qorunmasıdır.
28 iyul 2021-ci il tarixində Müsabiqə Komissiyası tərəfindən iddiaçıların təkliflərinə baxılıb. Müsabiqə Komissiyasının üzvləri arasında açıq səsvermə yolu ilə “BNQMAZ” Qapalı Səhmdar Cəmiyyəti “Bakı Neftqazmədən Avadanlıqları Zavodu” ASC-nin səhmlərinin satışı üzrə investisiya müsabiqəsinin qalibi elan edilib.
Müsabiqə qalibi alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq dövlət büdcəsinə 1 milyon manat məbləğində vəsaitin köçürülməsini təmin edəcək. Qalib investor ümumi həcmi 2,57 milyon manat təşkil edən İnvestisiya Proqramının icrası, müəssisənin dövlət büdcəsinə, Dövlət Sosial Müdafiə Fonduna olan, eləcə də əmək haqqı və ona bərabər tutulan borclarının ödənilməsini, sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürür.
İnvestisiya Proqramına əsasən müəssisədə yüksək təzyiqli qaz tənzimləyiciləri, qaz sənayesi üçün tənzimləyici qəfəslər, mərkəzdənqaçma nasosları, dağ-mədən sənayesi üçün kürələr, müxtəlif qaldırıcı avadanlıqlar və başqa rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, müsabiqə qalibi tərəfindən investisiyaların 2 il ərzində yatırılması, 80-dən az olmayan yeni iş yerinin yaradılması planlaşdırılır.
Müəssisənin yenidən qurulması və fəaliyyəti müxtəlif növ sənaye avadanlıqların istehsalına şərait yaratmaqla yanaşı, bu məhsullara olan tələbatın ödənilməsinə xidmət edəcək.