Əmlak Məsələləri Dövlət Komitəsindən xəbərdarlıq: əkilməyən torpaqlar geri qaytarılır
Qeyd edilməlidir ki, indiyədək komitə tərəfindən kənd təsərrüfatı torpaqlarında 2600 pozuntu halı aşkar olunaraq inzibati protokollar tərtib edilmişdir. Təqsirkar fiziki və hüquqi şəxslər 1 milyon manatdan çox cərimə olunmuşlar.
Həmin torpaqlar geri qaytarıldıqdan sonra yenidən səmərəli şəkildə istifadəsi istiqamətində də işlər həyata keçirilib. Həmin torpaqlarda iri taxılçılıq, pambıqçılıq təsərrüfatları yaradılır, meyvə bağları salınır və digər kənd təsərrüfatı məqsədləri üçün müvafiq aqrotexniki və meliorativ tədbirlər görülür. Bununla da torpaq sahələrinin daha səmərəli şəkildə istifadəçiliyi üçün zəmin yaradılır.
Həmçinin istifadəsiz torpaqların dövlət mülkiyyətinə geri qaytarılması və dövriyyəyə buraxılması nəticəsində kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi həcmi artır. Belə torpaqlar yenidən gəlir mənbəyinə çevrilməklə ölkədə aqrar sahənin inkişafına təkan verir.
Qeyd edilməlidir ki, 2015-ci ildən etibarən kənd təsərrüfatı sahəsində əkin dövriyyəsinin artırılması məqsədilə ümumilikdə təyinatı dəyişdirilən torpaqlarda daxil olmaqla 277 min hektar torpaq sahəsi də icarəyə verilib. Bunun 218 min hektardan çoxu əkinçilik, qalan hissəsi isə heyvandarlıq məqsədi üçün ayrılıb.
Bitkiçilik sahələrinin genişləndirilməsi istiqamətində də 188 min hektar örüş sahəsinin kateqoriyası dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilib. Nəticədə 136 min hektara yaxın torpaq sahəsi 27 Aqroparkın yaradılması məqsədi ilə investorların istifadəsinə verilib. Təyinatı dəyişdirilən torpaqlarda aqroparkların yaradılması ərzaq təhlükəsizliyi ilə bağlı olan əsas məsələlərin həlli baxımından mühüm tədbirlərdəndir.
Bununla təyinatı dəyişdirilən torpaq sahələrinin gəlirlilik potensialı artırılır. Eyni zamanda həmin sahələrdə əkin prosesinin aparılması bol məhsul əldə edilməsinə şərait yaradır. Bu isə ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsinə, daxili tələbatın ödənilməsinə öz töhfəsini verir.