Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rüstəm Şahbazov tədbiri giriş nitqi ilə açıq elan edib. Tədbirin məqsədini iştirakçıların diqqətinə çatdıran sədr müavini dövlət əmlakının özəlləşdirilməsində və idarə edilməsində komitənin son illər həyata keçirdiyi tədbirlər və əldə etdiyi nəticələrdən bəhs edib. Bildirilib ki, ölkə başçısının sosial xidmətlərdə innovativ və operativ üsulların tətbiqi, vətəndaşlara şəffaf və səmərəli xidmətlərin göstərilməsi barədə tapşırıqlarından irəli gələrək komitə fəaliyyətin müasir əsaslarla qurulması, modern idarəetmə sisteminin və informasiya-kommunikasiya texnologiyalarının tətbiqi istiqamətində mühüm addımlar atıb. Qeyd olunub ki, Azərbaycanda bazar iqtisadiyyatına keçidlə əlaqədar reallaşdırılan mühüm iqtisadi islahatlardan birini dövlət əmlakının özəlləşdirilməsi prosesi təşkil edib. Sonrakı dövrlərdə bu sahədə görülən işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni üslub gətirilməklə və müasir idarəetmə standartları tətbiq etməklə uğurla davam etdirilmişdir. Bildirilib ki, özəlləşdirmənin hazırkı mərhələsində diqqətin daha çox, müəssisələrin fəaliyyətinin bərpası və inkişafına yönəldiyini nəzərə alaraq, dövlət əmlakının investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməsinə diqqət artırılıb. Bunun hesabına müəssisələrə yeni avadanlıq və texnologiyaların cəlb edilməsi, müasir korporativ idarəetmə üsullarının tətbiqi, müəssisələrin maliyyə dayanaqlığının təmin edilməsi məqsədlərinə nail olunub.

Sədr müavini qeyd edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsi sahəsində də şəffaflığın və operativliyin təmin olunması, elektron əmlak idarəçiliyi sisteminin qurulması məqsədilə ardıcıl tədbirləri davam etdirir. Belə tədbirlər vətəndaş-məmur ünsiyyətinin maksimum azalması, bu ünsiyyətin tədricən elektron müstəviyə keçməsi, əhalinin xidmətlərdən daha rahat və optimal faydalanması ilə nəticələnmişdir. İstifadəyə verilən elektron xidmətlər dövlət əmlakının özəlləşdirilməsi və idarə edilməsi, xüsusi mülkiyyətin dövlət qeydiyyatı sahələrini əhatə edir. Bu isə artıq komitənin fəaliyyət sferasının əksər hissəsinin elektronlaşması deməkdir. Elektron xidmətlər sahəsində mühüm yenilik dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirakın elektron müstəviyə keçirilməsidir. Məqsəd özəlləşdirmə prosesində müasir yanaşmaları, modern xidmətləri önə çəkmək və getdikcə tətbiqini genişləndirməkdir.

Qeyd olunub ki, hazırda 29 elektron xidmət (25 interaktiv, 4 informativ) vətəndaşların və hüquqi şəxslərin istifadəsindədir. Elektron xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib. Keçən il həmin xidmətləri vahid məkanda cəmləyən www.e-emdk.gov.az portalı istifadəyə verilib. Bəhs olunan elektron xidmətlər dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərraclarda iştirak üçün sifarişlər, dövlət əmlakının qorunub saxlanması, idarə edilməsi və istifadə vəziyyəti ilə bağlı hesabatlar, dövlət əmlakının icarəsi üzrə xidmət haqqı, daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi ilə bağlıdır.

Tədbirdə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elektron xidmətlərin təqdimatı olub. Bildirilib ki, komitənin elektron xidmətlər portalında 6 interaktiv xidmət dövlət əmlakının özəlləşdirilməsində keçirilən hərraclarla bağlıdır. Belə ki, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur. Həmçinin yerli icra hakimiyyəti orqanlarının sərəncamında olan qeyri-yaşayış sahələrinin hərracda satışına dair sifarişlərin qəbulu kimi elektron xidmət də istifadəyə verilib. Bundan əlavə, müsadirə əsasında dövlət mülkiyyətinə keçən əmlakların özəlləşdirilməsi ilə bağlı keçirilən hərraclarda iştirakla bağlı sifarişlər də elektron qəbul edilir. Bununla yanaşı, elektron xidmətlər portalında dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi ilə bağlı elektron xidmət də fəaliyyət göstərir. Dövlət əmlakını icarə əsasında istifadə edənlər icarə haqqı borcunu öyrənmək üçün bu elektron xidmətdən faydalana bilirlər.

Tədbirdə hər bir elektron xidmətlə bağlı slaydlar nümayiş olunub, xidmətdən istifadə qaydaları və prosedurlar izah edilib. Qeyd olunub ki, elektron xidmətlər vasitəsilə indiyədək 90 mindən çox müraciət daxil olub və qanunvericiliyə uyğun olaraq təmin edilib.

Daha sonra tədbirdə komitə rəsmisi dövlət əmlakı idarəçiliyi ilə bağlı çıxış edib. Bildirilib ki, komitə son illər dövlət əmlakı idarəçiliyinin təkmilləşdirilməsi,  müasir əsaslarla inkişafı, müasir yanaşmaların və optimal idarəetmə metodlarının tətbiqi istiqamətində bir sıra nəticələr əldə edib. Müasir idarəçilik prinsipləri və mexanizmləri əsasında dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi, bu istiqamətdə şəffaflıq və effektivliyin artırılması, müvafiq dövlət qurumları arasında səmərəli koordinasiya sisteminin qurulması təmin edilib. Dünya Bankının dəstəyi ilə icra olunan “Daşınmaz Əmlakın Qeydiyyatı Layihəsi” çərçivəsində beynəlxalq ekspertlər tərəfindən dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı qiymətləndirmələr aparılıb, hesabatlar və fəaliyyət planları tərtib edilib, tövsiyələr və təkliflər hazırlanıb. Dövlətə məxsus daşınmaz əmlakların idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı layihənin icrasına başlanılıb.

Tədbirdə dövlət əmlakının idarə olunması sahəsində istifadəyə verilmiş elektron xidmətin təqdimatı olub. Qeyd edilib ki, bu e-xidmət  sayəsində dövlət əmlakının qorunması və istifadə vəziyyəti ilə əlaqədar hesabatların qəbulu prosedurları sadələşib və tamamilə elektronlaşıb. Belə ki, komitənin elektron xidmətlər portalında dövlət əmlakının qorunub saxlanılması və ondan istifadə edilməsi vəziyyəti haqqında xüsusi hesabat formasının elektron qəbulu ilə bağlı e-xidmət fəaliyyət göstərir. Bununla da, əvvəllər bu prosesə sərf olunan vaxta böyük qənaət olunub. Bildirilib ki, 2014-cü il ərzində 2200-ə yaxın dövlət müəssisə və təşkilatı tərəfindən illik xüsusi hesabat forması məhz qeyd olunan elektron xidmət vasitəsilə təqdim edilib.

Tədbirdə bildirilib ki, bütün bu tədbirlər Azərbaycan Respublikası Prezidentinin dövlət əmlakının qorunub saxlanılması və səmərəli istifadə edilməsinin təkmilləşdirilməsi ilə bağlı Fərmanına və həmin Fərmanla təsdiq edilmiş Dövlət Proqramına əsasən icra olunur. Həmçinin qeyd olunub ki, dövlət əmlakı idarəçiliyi ilə bağlı tədbirlər ötən il təsdiq olunmuş komitənin 2013-2017-ci illər üçün Beşillik Strategiya Planı və Biznes Planlarına uyğun olaraq həyata keçirilir. Beşillik Strategiya Planında müasir dövrün tələblərindən birinə çevrilmiş korporativ idarəetmə konsepsiyasına xüsusi yer ayrılıb. Korporativ idarəetmə üsulu bütün idarəetmə səviyyələrində dəqiq səlahiyyət bölgüsünü, habelə risklərin səmərəli idarə edilməsi və fəaliyyətin şəffaflığına nail olunması məqsədilə səmərəli nəzarət sistemini təmin edir. Bu baxımdan, artıq komitədə müvafiq konsepsiya üzərində işlərə başlanılıb, dövlət müəssisələrinin daxili idarəetmə strukturlarının yeni tələblərə uyğunlaşdırılması ilə bağlı tövsiyələr verilir.

Qeyd edək ki, bütün tədbirlər dövlət əmlakının səmərəli, şəffaf və optimal idarə edilməsi, şəffaf və sürətli özəlləşdirmə prosesinin həyata keçirilməsinə xidmət edir. Komitənin sürətlə tətbiq etdiyi müasir texnologiyalar, elektron xidmətlər, müasirləşdirmə tədbirləri gələcəkdə mükəmməl elektron əmlak idarəçiliyi və qeydiyyat sisteminin formalaşmasına, daha yüksək səviyyədə rahat və çevik xidmətlər göstərilməsinə səbəb olacaqdır.

Tədbirin sonunda mövzu ətrafında müzakirələr aparılıb, verilən suallar cavablandırılıb.