İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin fəaliyyəti ilə bağlı müraciətlər 193 Çağrı Mərkəzi, rəsmi sayt (emlak.gov.az) və Özəlləşdirmə portalının (privatization.az) onlayn məsləhət pəncərəsi, həmçinin sosial şəbəkələrdəki rəsmi səhifələr vasitəsilə cavablandırılır.

2021-ci ilin yanvar-iyun ayları ərzində Çağrı Mərkəzi, onlayn çat  və sosial şəbəkələr vasitəsi ilə Əmlak Məsələləri Dövlət Xidmətinə 36 915 müraciət daxil olub. Onlardan 35 601-i 193 Çağrı Mərkəzinin, 1 314-ü isə onlayn resursların payına düşür. Çağrı Mərkəzinə daxil olan müraciətlərin 35 267-i sorğu və müraciət xarakterli, 334-ü isə araşdırma tələb edən məsələlər olub.

Göstərilən xidmətlərlə bağlı sorğular dərhal cavablandırılıb, qanunvericilik prosedurları izah edilib, araşdırma tələb edən müraciətlər aidiyyəti struktur bölmələrə yönləndirilib. Daxil olan müraciətlər əsasən, daşınmaz əmlakın qeydiyyatı, dövlət reyestrindən arayışların verilməsi, Əmlak Xidmətləri Məkanında növbəyə yazılmaq, xidmətlərə dair dövlət rüsumu və xidmət haqqı, dövlət əmlakının özəlləşdirilməsi və digər məsələləri əhatə edib.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 193 Çağrı Mərkəzi həftə içi hər gün saat 9:00-dan 18:00-dək fasiləsiz fəaliyyət göstərir.