Dövlət əmlakını onlayn özəlləşdir: yeni hərrac elan edildi
Hərracda əmlak sahibi olmaq üçün cəmi 2 sadə proseduru yerinə yetirmək kifayətdir. Birinci Komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilir. Sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
İnvestorlar bu hərracda da məişət, iaşə, qida, toxuculuq sahəsinə aid olan kiçik dövlət müəssisəsi və obyektlərini özəlləşdirmək imkanına malikdir. Eyni zamanda təmir, sənaye, nəqliyyat sahəsində biznesini qurmaq istəyənlər üçün də kifayət qədər müəssisələr var.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılan müəssisələr sırasında Qusar Tədarük Satış Bazası, Şəmkir yun tədarükü məntəqəsi kimi iri dövlət əmlakları var.
Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir yun tədarükü məntəqəsi belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 3 min 500 kv.m-ə yaxın, torpaq sahəsi isə 6 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi geyim tələbatının ödənilməsi üçün lazım olan xammalın əldə edilməsinə öz töhfəsini verə bilər.
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Xəzər rayonunda yerləşən Mərdəkan restoranını misal göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 2 min kv.m-ə yaxındır.
Nəqliyyat vasitələri sırasında ili yeni olan Avropa istehsalı avtomobillər üstünlük təşkil edir.
Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.