İslam İnkişaf Bankı ilə əməkdaşlıq genişlənir
İqtisadiyyat naziri Mikayıl Cabbarovun İslam İnkişaf Bankı (İİB) Qrupunun Prezidenti Bəndər Həccar ilə videokonfrans formatında görüşü keçirilib.
Mikayıl Cabbarov Azərbaycanın İslam İnkişaf Bankı, həmçinin İİB Qrupuna daxil olan institutlarla əlaqələrə önəm verdiyini, Bankın özəl sektorun inkişafı istiqamətində ölkəmizə göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Qeyd olunub ki, İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard ABŞ dollarına yaxın investisiya yatırılıb. Kənd təsərrüfatı, sosial, su təchizatı və s. sahələri əhatə edən bu layihələrin 17-si artıq başa çatıb, 1 layihənin icrası isə davam edir. İqtisadiyyat naziri Azərbaycanın İİB ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu, işğaldan azad edilmiş ərazilərimizin bərpası sahəsində əməkdaşlıq imkanlarını diqqətə çatdırıb, bu ərazilərdə “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyalarının reallaşdırılmasının, dayanıqlı infrastruktur şəbəkəsinin qurulması ilə bağlı layihələrin dəstəklənməsinin önəmini bildirib.
Görüşdə Azərbaycanın sosial-iqtisadi inkişafına dair prioritetləri barədə məlumat verilib, Kiçık və Orta Biznesin İnkişafı Agentliyi və “Azərbaycan İnvestisiya Şirkəti” ASC ilə tərəfdaşlıq, rəqəmsal iqtisadiyyatın və Dördüncü Sənaye İnqilabı texnologiyalarının tətbiqi ilə Azərbaycanın və regionun inkişafına yönəlmiş layihələrdə Bankın fəaliyyətinin genişləndirilməsi üzrə əməkdaşlıq imkanları qeyd edilib.
İslam İnkişaf Bankı Qrupunun Prezidenti Bəndər Həccar ölkəmizdə aparılan iqtisadi islahatların İİB tərəfindən dəstəkləndiyini vurğulayıb, əlaqələrin genişləndirilməsi imkanlarına dair fikirlərini bölüşüb. Bəndər Həccar İİB-in bundan sonra da Azərbaycanda həyata keçirilən layihələrdə fəal iştirak edəcəyini diqqətə çatdırıb.
Tərəflər iqtisadiyyat və maliyyə sahələrində tərəfdaşlığın möhkəmləndirilməsi, prioritet sahələrdə əməkdaşlığın genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparıblar.