Hərraclarda rəqabət mühiti formalaşıb
Bu gün keçirilən hərracda 50 dövlət əmlakı özəlləşdirilib
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mayın 18-də təşkil olunmuş növbəti hərracda 50 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü səhmdar cəmiyyətinin səhmləri, 1-i kiçik dövlət müəssisəsi, 46-sı isə nəqliyyat vasitəsidir. Hərracda özəlləşdirilən dövlət əmlakının siyahısı ilə buradan tanış ola bilərsiniz: (https://bit.ly/3bwgQlG).
Bugünkü hərracda nəqliyyat vasitələrinə daha böyük maraq müşahidə olunub və əksər nəqliyyat vasitələrinin hərracı rəqabətli mühitdə keçib. Məlumat üçün bildirək ki, özəlləşdirmə hərracına çıxarılan dövlət əmlaklarına 24-ü elektron formada olmaqla ümumilikdə 229 sifariş verilib.
Hərraca çıxarılan nəqliyyat vasitələri ilə əyani formada tanış olmaq üçün saxlanc yeri yaradılıb. Burada hərracda iştirak etmək istəyən şəxslərin Xidmətin elektron resurslarından seçdikləri nəqliyyat vasitəsinə əyani olaraq baxmaq imkanı var. Saxlanc yerində vətəndaşlar hər bir avtomobilin texniki vəziyyəti barədə ətraflı məlumat əldə edə bilərlər.
Qeyd edək ki, cari ilin ilk 4 ayında ümumilikdə 20 hərrac təşkil edilib. Hərraclarda 54 əmlak özəlləşdirilib. Bunlardan 5-i səhmdar cəmiyyətin səhmləri, 17-si kiçik dövlət müəssisəsi, 32-si isə nəqliyyat vasitəsidir.
Yanvar-aprel ayları ərzində hərraca çıxarılmış əmlaklar üzrə 13 elektron sifariş qəbul edilib. Elektron hərrac proqram sistemi ilə hərraclara 5 onlayn qoşulma (nəqliyyat vasitəsi) reallaşıb.
Məlumat üçün bildirək ki, hər kəs Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəməklə, hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər
Prosesə marağı olanlar da hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək hərracları qeydiyyatsız formada izləyə bilərlər.