“Göygöl-1” gil yatağının istismara verilməsi ilə bağlı hərrac keçiriləcək
Bu ilin yanvar ayında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində olan Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi arasında imzalanan müqaviləyə əsasən, bəzi faydalı qazıntı yataqlarının hərrac qaydasında istifadəyə verilməsinə başlanılıb. Məqsəd rəqabətliliyi təmin etmək, müasir çağırışlara uyğun yeni yanaşmalar tətbiq etməklə bu sahədə fəaliyyət göstərən sahibkarlara daha da əlverişli şəraitin yaradılması və prosedurların sadələşdirilməsidir.
“Yerin təkindən istifadənin dövlət tənzimlənməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 23 oktyabr 2003-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Yer təkinin istifadəyə verilməsi üzrə müsabiqə və hərracların keçirilməsi qaydaları və şərtləri haqqında Əsasnamə”yə uyğun olaraq, il ərzində ölkə üzrə 24 faydalı qazıntı yatağının hərrac qaydasında istifadəyə verilməsi nəzərdə tutulur.
İlkin olaraq 16 aprel tarixində “Göygöl-1” gil yatağının istismara verilməsi ilə bağlı hərrac keçiriləcək. Hərracda Azərbaycan Respublikasının, həmçinin xarici ölkələrin hüquqi və fiziki şəxsləri iştirak edə bilər.
Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər.
Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında (https://bit.ly/3c2U5Xr) və Özəlləşdirmə portalında (https://bit.ly/3tw0uA6) tanış olmaq mümkündür.