Daha bir rayonda Torpaqların Elektron Kadastr Uçot Sisteminin nəticələrinin praktiki tətbiqinə başlanılıb
Qeyd edilməlidir ki, Azәrbaycanda Torpaqların Elektron Kadastrı Sisteminin vә rәqәmsal xәritәlәrin yaradılmasına prezident İlham Әliyevin «Azәrbaycan Respublikasında torpaq münasibәtlәrinin tәnzimlәnmәsi sahәsindә әlavә tәdbirlәr haqqında» 7 mart 2016-cı il tarixli fәrmanı ilә start verilib. Bu işlәrin hәyata keçirilmәsindә beynәlxalq tәcrübә öyrәnilib vә işlәrin icrası üçün isә xarici şirkәt cәlb olunub.
Tədbirin keçirilməsində başlıca məqsəd Göygöl rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır.
Göygöl rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən görülən işlərə dair “Göygöl rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda təqdimat edilib. Uçot Sisteminin rayon üçün iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan, görülən işlərdən danışılıb. Bildirilib ki, torpaqların uçotu işinin nəticəsi olaraq hazırda Göygöl rayonunun bələdiyyə hüdudları daxilində 57439 hektar torpaq sahəsinin mövcudluğu müəyyən edilmişdir. Bunun 13667 hektarı (24%-i) dövlət, 29381 hektarı (51%-i) bələdiyyə, 14390 hektarı (25%-i) isə xüsusi mülkiyyətdə olan torpaqlardır. Bələdiyyə hüdudları daxilindəki torpaq sahələrinin 42 min hektara yaxını (72,8%-i) kənd təsərrüfatına yararlı torpaqlardır ki, bununda 12590 hektarını əkin sahələri təşkil edir. Həmçinin bəlli olmuşdur ki, rayonda 1 hektar sahəsi olan pay torpaqları ümumi parsellərin 86%-ni təşkil edir. Bu da pay torpaqlarının konsolidasiyasını zəruri edir.
Qeyd edilmişdir ki, rayon ərazisində torpaqların kəmiyyət göstəriciləri ilə paralel, həmçinin torpaqların keyfiyyət göstəricilərinə görə də uçotu aparılmışdır.
Torpaq və geobotaniki tədqiqatların nəticəsi olaraq, Göygöl rayonunun torpaq xəritəsi, rayonun yay otlaqlarının geobotaniki xəritəsi, rayonun torpaqlarının eroziya xəritəsi tərtib edilmiş, rayonun kənd təsərrüfatı yerləri üzrə torpaqların keyfiyyət qruplarına görə bölgüsü aparılmışdır. Layihə çərçivəsində həmçinin torpaq sahələrindən istifadənin səmərəliliyinin artırılmasına dair təkliflər də verilmişdir.
Uçot işi nəticəsində hazırlanmış Göygöl rayonunun bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Reallığı əks etdirən bələdiyyə xəritələrinin mövcudluğu bələdiyyələr tərəfindən torpaq vergisinin toplanması işini sistemli şəkildə, qanunla müəyyən edilmiş çərçivələrdə aparmağa imkanlar yaradacaq. Bununla da torpaq idarəçiliyində əhaliyə göstərilən xidmət səviyyəsi, habelə şəffaflıq və operativlik daha da artırılacaq.
Rayonun torpaqlarının iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı məlumat bazasının hazırlanması isə ərazilərin kənd təsərrüfatı məqsədilə daha səmərəli istifadəsinə imkanlar yaradır. Torpaqların keyfiyyәtinin müәyyәn edilmәsi bu әrazilәrdə hansı aqrokimyәvi vә meliorativ tәdbirlәrin aparılması ilә bağlı düzgün qәrar vermәyә imkan yaradır. Başqa sözlә, uçot işlәri, azyararlı torpaqların istifadә olunmasına vә rayonun aqrar potensialının artırılmasına kömәk edir.
Eyni zamanda rayonun tərtib edilmiş xəritələrində hüquqmüəyyənedici sənədlə təsdiq olunan ölçüdən artıq istifadə edilən ərazilərin sərhədləri müəyyən edilib ki, bu da istifadədəki
uyğunsuzluqları aradan qaldırır, rayonun torpaq idarəçiliyi sahəsində nəzarəti daha da təkmilləşdirir.
Kadastr uçot işlərinin yekunlaşması ilə rayonun əkin, örüş, otlaq sahələrinin hüdudları, əraziləri tam olaraq dəqiqləşib. Müəyyən olunan yeni torpaqlar yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarmaqla rayonun aqrar potensialının daha da artırılmasına zəmin yaradacaq. Bununla da torpaq fondu elmi əsaslarla istifadə və idarə olunur, münbitlik qatın korlanması amilləri aradan qaldırılır, torpaqların kateqoriyalarına uyğun iqtisadi sahələrə cəlb edilməsində effektivlik təşkil edilir.
Torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasın zəmin yaradacaq. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Bununla da müştəri məmnunluğu təmin ediləcək. Beləliklə sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan verəcəkdir.
Təqdimatın sonunda forum iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilmişdir.