Əmlak Məsələləri Dövlət Komitəsi İSO standartı üzrə 2 sahəyə aid beynəlxalq sertifikata layiq görülüb
Belə ki, komitə İSO standartı üzrə 2 sahəyə aid beynəlxalq sertifikata layiq görülüb. Bunlar Keyfiyyət İdarəetmə Sistemi (9001) və Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemidir (27001). Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən istifadəyə verilən ictimai xidmətlərin şəffaf mexanizmlərə və qaydalara əsaslanmaqla həyata keçirilməsi, eləcə də xidmətlərə olan əlçatanlığın artırılması amili bu sertifikatın əldə olunmasının başlıca səbəblərindəndir. Həmçinin Komitə tərəfindən xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması üçün sosial sorğu layihələrinin reallaşdırılması belə beynəlxalq sertifikatın əldə edilməsinə imkan verib.
Qeyd edilməlidir ki, Keyfiyyət İdarəetmə Sistemi vətəndaş yönümlü, idarəetməyə sistemli yanaşma, təşkilat daxilində hər kəsin iştirakı, daimi təkmilləşdirmə, faktlara əsaslanan qərarların qəbul edilməsi kimi prinsiplərə əsaslanır. Bu isə o deməkdir ki, fəaliyyətin məhz həmin prinsiplərə uyğun qurulması komitənin işinin keyfiyyət əmsalının ölçülməsini təmin edəcək və keyfiyyətin daim yüksəldilməsinə zəmin yaradacaq.
Komitənin tabeliyində olan “İnformasiya Texnologiyaları və Məlumat İdarəetmə Mərkəzi”nin Məlumat Təhlükəsizliyi İdarəetmə Sistemi standartı üzrə sertifikata layiq görülməsi isə fəaliyyətin müasir yanaşmalarla, innovasiyalarla həyata keçirilməsinin əyani göstəricilərindəndir. Belə ki, Mərkəz Əmlak Məsələləri Dövlət Komitəsi üzrə informasiya-kommunikasiya texnologiyaları strategiyasının hazırlanması, yeni informasiya sistemlərinin yaradılması və onların fəaliyyətinin əlaqələndirilməsi işini həyata keçirir. Yaradılmış infrastruktur dövlət əmlakının avtomatlaşdırılmış idarəedilməsinin həyata keçirilməsinə, proqram təminatının düzgün təşkil edilməsinə, komitənin internet informasiya ehtiyatlarının və elektron poçt ünvanlarının təhlükəsizliyinin təmin olunmasına imkan verir. Mərkəzdə daşınmaz əmlak, torpaq idarəçiliyi üzrə toplanan geoməkan məlumatları milli məkan məlumatları infrastrukturunun formalaşmasında baza rolunu oynayır. İnformasiya sistemlərində toplanmış məlumatların məxfiliyi mövcud qanunvericiliyə uyğun və İKT imkanlarından istifadə edilməklə qorunur. Bu sertifikatın əldə edilməsi isə mövcud məlumatların təhlükəsizliyi ilə bağlı görülən işlərin daha da təkmilləşdirilməsinə, idarəetmədə Nou-Hau texnologiyaların tətbiqinin genişləndirilməsinə imkan verir,
Qeyd edilməlidir ki, Beynəlxalq Standartlaşdırma Təşkilatı olan İSO 1947-ci ildə yaradılıb. İsveçrədə yerləşən bu beynəlxalq təşkilat indiyə qədər idarəçilik, texnologiyalar və biznes sahəsində əmtəələrə, xidmətlərə və müsbət təcrübələrə dair 19 min 500-dən çox beynəlxalq standart müəyyənləşdirmişdir. ISO 9001 isə Beynəlxalq Standartlaşdırma Təşkilatı tərəfindən hazırlanmış və hazırda dünyada ən çox tətbiq edilən keyfiyyətli idarəetmə standartıdır.
Əmlak Məsələlərin Dövlət Komitəsi fəaliyyətinin daha da təkmilləşdirməsi, xidmətlərdə beynəlxalq standartların tətbiq edilməsi istiqamətindəki işlərini gələcəkdə də davam etdirəcək.