“Beyləqan rayonunda aparılan torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” ilə bağlı İctimai təqdimat keçirilib
Tədbirin keçirilməsində başlıca məqsəd Beyləqan rayonunda kadastr uçot işləri ilə bağlı görülən işlərin nümayişi, əldə edilən nəticələrin izahı və bu tədbirlərin gələcək perspektivləri ilə bağlı ictimaiyyəti məlumatlandırmaqdır. Həmin nəticələrin istifadə üçün aidiyyəti qurumlara təqdim olunması da tədbirin əsas vəzifələrindəndir.
Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli fərmanına uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkə üzrə torpaqların elektron kadastr uçotu işi aparılır və rəqəmsal kadastr xəritələri tərtib edilir. Görülən işlər nəticəsində 16 rayonda torpaqların kadastr uçot işləri yekunlaşıb.
Beyləqan rayonunda kadastr uçot işləri aparılarkən torpaqların ümumi həcmində bələdiyyə, dövlət, özəl torpaqların payı müəyyənləşib, bələdiyyə, relyef, meyillilik xəritələri tərtib edilib, eləcə də torpaqların iqtisadi qiymətləndirilməsi və bonitirovkası ilə bağlı müvafiq elektron məlumat bazası yaradılıb.
Tədbirdə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən görülən işlərə dair “Beyləqan rayonunun inzibati sərhədləri daxilində aparılmış torpaqların elektron kadastr uçotu işinin nəticələri və təhlili” mövzusunda təqdimat edilib. Uçot Sisteminin rayon üçün iqtisadi səmərəsi və torpaq idarəçiliyində əvəzsiz rolundan, görülən işlərdən danışılıb. Bildirilib ki, torpaqların uçotu işinin nəticəsi olaraq hazırda Beyləqan rayonunun bələdiyyə hüdudları daxilində 73 min hektardan çox torpaq sahəsinin mövcudluğu müəyyən edilmişdir. Bunun da 50 min hektara yaxını əkin, 112 hektarı çoxillik əkmələr təşkil edir. Həmçinin bəlli olmuşdur ki, rayonda 1 hektar sahəsi olan pay torpaqları ümumi parsellərin 36%-ni təşkil edir. Bu da pay torpaqlarının konsolidasiyasını zəruri edir. Uçot işinin nəticələri göstərir ki, rayon üzrə kənd təsərrüfatına yararlı torpaqlarda 53 hektar ərazidə 400-dən artıq qeyri-qanuni tikili vardır. Uçot prosesində həmçinin Beyləqan rayonunda 5 mindən artıq halda pay torpaqlarında normadan artıq torpaq sahələrinin istifadə edildiyi müəyyənləşdirilmişdir. Həmçinin torpaq islahatı aparılan zaman rayonun bələdiyyə hüdudları daxilində 44 min hektar əkin sahəsi olduğu halda, hazırda uçot əsasında 49 min hektardan çox əkin sahəsinin mövcudluğu aşkar edilmişdir. Bu isə rayonun kənd təsərrüfatı sahəsində iqtisadi potensialının daha da artmasına zəmin yaradır.
Qeyd edilmişdir ki, rayon ərazisində torpaqların kəmiyyət göstəriciləri ilə paralel, həmçinin torpaqların keyfiyyət göstəricilərinə görə də uçot işi aparılmışdır. Belə ki, tədqiq olunan ərazilərin 6871,22 hektarında zəif, 2553,18 hektarında orta, 1045,27 hektarında isə şiddətli şorlaşma qeydə alınmışdır. Bu isə həmin ərazilərin yenidən kənd təsərrüfatı dövriyyəsinə qaytarılması üçün nə kimi aqrokimyəvi və meliorativ tədbirlərin aparılması ilə bağlı optimal qərarların qəbul edilməsinə imkanlar yaradır.
Uçot işi nəticəsində hazırlanmış Beyləqan rayonunun bələdiyyə xəritələri isə hər bir bələdiyyə ərazisinin dəqiq sərhədlərini, təyinatını və keyfiyyət göstəricilərini müəyyənləşdirib. Görülən işlər nəticəsində rayonun torpaq fondunun daha rasional idarə edilməsi mümkün olacaq. Həmçinin torpaqların səmərəli, məqsədyönlü istifadəsinə təminat yaranır. Torpaqların iqtisadi qiymətləndirilməsi, bonitirovka məlumatları əsasında hansı ərazilərdə hansı növ bitkilər əkilməklə daha çox məhsul əldə etmək mümkünlüyü dəqiqləşir.
Eyni zamanda rayonun tərtib edilmiş xəritələrində hüquq müəyyənedici sənədlə təsdiq olunan ölçü ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq aradan qaldırılıb. Artıq torpaq mülkiyyətiçiləri sahib olduqları ərazilərin sərhədlərindən kənara çıxa bilməz. Zəbt olunmuş, qanunsuz tikililər, istifadədən kənar qalan torpaq sahəsi müəyyənləşib. Bu isə rayonun torpaq idarəçiliyi sahəsində nəzarəti daha da təkmilləşdirir.
Torpaqların uçotu işi müasir tələblərə uyğun Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşmasına zəmin yaradacaq. Çıxarışların və dövlət reyestrindən digər arayışların verilməsi işi daha sadə və çevik şəkildə həyata keçiriləcək. Bununla da müştəri məmnunluğu təmin ediləcək. Beləliklə sistemin istismara verilməsi ölkədə kadastr xidmətlərinin də elektron müstəviyə keçirilməsinə imkan verəcəkdir.
Qeyd edilməlidir ki, gələcəkdə kadastr uçot işləri yekunlaşmış digər rayonlarda da əldə edilən nəticələrin nümayişi ilə bağlı tədbirlər davam etdiriləcək.