Prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Xaçmaz, Qusar, Ağdaş və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında Qusar Kərpic sexi, Astarada yerləşən "Azərbaycan" kinoteatrı, Şəmkir Balıq Zavodu kimi iri dövlət əmlakları var.

Sənaye sahəsində fəaliyyətini genişləndirməyə imkan verən kifayət qədər müəssisələr özəlləşməyə çıxarılıb. Şəmkir Balıq Zavodu belə əmlaklardandır. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 350 kv.m-ə yaxın, torpaq sahəsi isə 4 mindən çoxdur. Obyektin kifayət qədər geniş ərazidə yerləşməsi də iqtisadi baxımından mühüm əhəmiyyət kəsb edir. Həmin əmlakın fəaliyyətinin genişləndirilməsi balıq, konservləşdirilmiş məhsulların hazırlanmasına, daxili tələbatın ödənilməsinə öz töhfəsini verə bilər.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Qaradağ rayonunda yerləşən 10 saylı iaşə obyektini misal göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 600 kv.m-dən çox, torpaq sahəsi isə 700 kv.m-ə yaxındır.

Aprelin 17-də keçiriləcək hərracda investorlar üçün maraqlı ola biləcək digər bir məqam klub və mədəniyyət evlərinin özəlləşdirilməyə çıxarılmasıdır. Həmin əmlakların ilkin satış qiyməti o qədər də baha deyil. Məsələn, Ağdaş rayonunda yerləşən Bulaqotağı kənd klubu 7 min 200 manata özəlləşməyə çıxarılıb.  Əmlakın ümumi faydalı sahəsi 100 kv.m-dən çox, torpaq sahəsi isə 200 kv.m-dir. Hərraca qoşulmaq istəyənlər öncədən 720 manat beh ödəməlidirlər.

Goranboy rayonunda yerləşən Səmədabad kənd klubu daha sərfəli qiymətə özəlləşməyə çıxarılıb. Belə ki, həmin əmlakın ilkin start qiymətin 3 min 600 manatdır. Həmin obyektin ümumi faydalı sahəsi 132,5 kv.m, torpaq sahəsi 150 kv.m-dən çoxdur.

Özəlləşdirilməyə çıxarılan istifadəsiz qeyri-yaşayış sahəsindən isə 26-sı paytaxtda, qalanları isə Sumqayıtda, Mingəçevirdə, Abşeronda yerləşir. Belə əmlakların sahəsi 25 kv.m ilə 327 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Hərraca müxtəlif markalı nəqliyyat vasitələri də çıxarılıb. Özəlləşdiriləcək avtomobillər arasında Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin buraxılış tarixi 2008-2009-cu illəri əhatə edir. 

Özəlləşməyə çıxarılan əmlaklar haqqında ətraflı məlumat öyrənmək üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az saytının müvafiq bölməsinə daxil olmaq kifayətdir.

Qeyd edilməlidir ki, dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron hərracın tətbiqi investorların işini xeyli sadələşdirib. Sistem sərmayəçilərə hərraclara istənilən yerdən internet vasitəsilə onlayn şəkildə qatılmaq imkanları yaradır.

Hərrac barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.

Prosesə çıxarılan əmlaklara istənilən şəxs, investorlar sifariş verə bilər. Ziyarətçilər isə özəlləşdirmə portalında sifariş verdiyi əmlakla bağlı bütün məlumatlarla tanış ola bilərlər. Əmlakın  adı, ünvanı, sahəsi, ilkin start qiyməti və digər informasiyalar portalda yerləşdirilib. 

       Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.