13 mart hərracının nəticəsi: budəfəki hərracda 19 dövlət əmlakı özəlləşdirilib, o cümlədən 2 dövlət əmlakının hərracı rəqabətli olub
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 13 martda keçirilən növbəti hərracda da investorlar belə üstünlüklərdən yararlanıblar. Hərraclara çıxarılan əmlakların əlverişli olması, iştirak prosedurlarının sadə olması sərmayəçilərin marağını artırıb. Özəlləşmə prosesinin sadalanan müsbət cəhətləri alıcıların sayını artırmaqla budəfəki hərracda da rəqabət yaradıb. Belə ki, paytaxtın Nərimanov rayonunda yerləşən qeyri-yaşayış sahəsinin ilkin start qiyməti 13 min manat olsa da ən son təklif 13 min 450 manatadək yüksəlib. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi 50 kv.m-ə yaxındır. Bundan başqa eyni ünvanda yerləşən digər əmlakın, 1 mərtəbəli binanın zirzəmisinin bir hissəsinin də hərracı rəqabətli olub. İlkin start qiyməti 2 min 500 manata olan həmin obyektə ən son 2 min 600 manat təklif edilib.
Qeyd edilməlidir ki, budəfəki hərracda 19 dövlət əmlakı özəlləşdirilib. Bunlardan 3-ü kiçik dövlət müəssisəsi, 13-ü qeyri-yaşayış sahəsi, 3-ü isə nəqliyyat vasitəsidir. Bakı şəhəri üzrə keçirilən hərraclarda 1 kiçik dövlət müəssisəsi, 12 istifadəsiz qeyri-yaşayış sahəsi və 3 nəqliyyat vasitəsi, respublikanın digər şəhər və rayonları üzrə 2 kiçik dövlət müəssisəsi və 1 istifadəsiz qeyri-yaşayış sahəsi özəlləşdirilib.
Hərracda özəlləşdirilən kiçik dövlət müəssisələri paytaxtın Sabunçu rayonunda, digərləri isə Gəncə və Qəbələ şəhərlərində yerləşir. Həmin əmlaklar isə xidmət sahəsində əlverişli olmaqla sahibinə yaxşı gəlir gətirə bilər. Belə ki, ümumi faydalı sahəsi 119 kv.m olan Gəncə şəhərində yerləşən 6 saylı mağaza ərzaq mallarının pərakəndə satışı üçün olduqca münasibdir. Bundan başqa özəlləşdirilən “Maştağa Avtodəstə” də təmir sahəsində sahibi üçün gəlir mənbəyi ola bilər. Adı çəkilən əmlakın ümumi faydalı sahəsi isə 1400 kv.m-ə yaxın, torpaq sahəsi isə 10 min kv.m-dən çoxdur. Obyektin ərazisinin kifayət qədər geniş olması da iqtisadi fəaliyyətdə sahibinə əlavə üstünlük qazandırır.
Turizm sahəsinin sürətlə inkişaf etdiyi Qəbələ şəhərində iaşə və xidmət obyektlərinin sayı artmaqdadır. Bu əmlakların sırasına rayonun Nic qəsəbəsində yerləşən 1 saylı klub da daxil ola bilər. Fəaliyyətini yenidən qurmaqla bu obyekti turistlərin sevimli məkanına çevirmək mümkündür.
Bakı şəhəri üzrə özəlləşən qeyri-yaşayış sahəsindən 5-i Nərimanov, 5-i Nəsimi, 2-si Səbail rayonunda yerləşir. Region üzrə özəlləşən qeyri-yaşayış sahəsi isə Abşeron rayonundadır. Səbail rayonunda yerləşən, ümumi faydalı sahəsi 116.5 kv.m olan əmlakdan ofis, xidmət obyekti kimi istifadə etmək olar. Nərimanov rayonunda yerləşən ümumi faydalı sahəsi 63 kv.m-ə yaxın olan obyekt də xidmət sahəsinə aid olmaqla investorlar üçün yaxşı gəlir mənbəyidir.
Bununla yanaşı prosesdə müxtəlif markalı nəqliyyat vasitələri də sahibini tapıb. Özəlləşən avtomobillər 2007-ci il istehsalı olan Fiat Albeo və Fiat Doblo, buraxılış tarixi 2006-cı il olan Nissan Maximadır.
Keçirilən hərracların nəticələri ilə tanış olmaq üçün komitənin rəsmi saytı olan emdk.gov.az və privatization.az portalının müvafiq bölməsinə daxil olmaq kifayətdir.
Hərraca qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlakın mövqeyi, yerləşməsi, mövcud vəziyyəti barədə fotoşəkillər və mətn məlumatları var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.
Qeyd edilməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən növbəti hərrac bayram günləri ilə əlaqədar olaraq martın 27-də keçiriləcək. Hərraca investorları cəlb edə biləcək çoxçeşidli əmlaklar çıxarılıb.