Sentyabrın 8-də özəlləşdirmə hərracına 61 dövlət əmlakı çıxarılacaq
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərrac 8 sentyabr tarixində təşkil ediləcək. Hərraca ümumilikdə 61 dövlət əmlakı çıxarılacaq. Bunlardan 17-si səhmdar cəmiyyəti, 28-i kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 16-sı nəqliyyat vasitəsidir. Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı ilə bu linklərə daxil olmaqla tanış ola bilərsiniz: (https://bit.ly/3gCngAb, https://bit.ly/2DEQn7q, https://bit.ly/3a1gB07, https://bit.ly/30AsC9C ).
Məlumat üçün bildirək ki, aqrar, sənaye, nəqliyyat, təmir və s. sahələrə aid səhmdar cəmiyyətlərinin səhm paketinin 30-45%-i özəlləşməyə çıxarılıb.
Kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Artıq həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Hərraca çıxarılan dövlət əmlakı respublikanın müxtəlif bölgələrində yerləşən ticarət, xidmət obyektləri, istehsal müəssisələri, qeyri-yaşayış binalarıdır.
Hərraca müxtəlif markalara aid, fərqli istehsal tarixli nəqliyyat vasitələri də çıxarılacaq.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən hərraclarda hər kəsin şəffaf və rahat iştirakı təmin edilir.
Hərraclarda iştirak etmək istəyənlər Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytına (emlak.gov.az) və ya Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i məbləğində behi ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emdk.gov.az) “Elektron hərrac” bölməsini seçərək onlayn özəlləşdirməyə qoşula bilər.
Prosesə marağı olan şəxslər hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracların gedişini izləyə bilər.