Yeni tikilən binalardakı mənzillər çıxarışla təmin edilir
Azərbaycan Respublikası Prezidentinin “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” 2019-cu il 19 fevral tarixli Fərmanın imzalandığı gündən indiyədək istismarına icazə verilmiş, müxtəlif mənzil-tikinti kooperativlərinin (MTK) inşa etdiyi 279 yaşayış binasında 22 322 mənzil elektron çıxarışla təmin olunub.
Bununla belə, Bakı şəhəri üzrə istismarına icazə verilmiş 44 yaşayış binasını inşa edən şirkətlərin təşkilati-hüquqi formanı əvvəlcədən düz seçməməsi səbəbindən həmin yaşayış binalarındakı mənzillərin sənədləşdirilməsində fasilə yaranmışdı.
Binaların sadələşdirilmiş şəkildə istismara qəbulu ilə bağlı dövlət başçısının Fərmanının tələblərinə əsaslanaraq və mənafelərinə toxunan tərəfin vətəndaşlar olduğunu nəzərə alaraq məhdud məsuliyyətli cəmiyyətlər tərəfindən inşa olunmuş binalardakı mənzillərə MTK-lar kimi mövcud sənədlər əsasında mülkiyyət hüququnun qeydiyyata alınması qərara alınmışdır. Bu qərar 16595 mənzilə mülkiyyət sənədlərinin verilməsinə şərait yaradacaq.
Qeyd edilən binalardakı mənzillərin çıxarışla təmin edilməsinin bu ilin sonunadək tam başa çatdırılması planlaşdırılır. Bunun üçün həmin binalarda mənzil mülkiyyətçilərindən müvafiq sənədlər toplusunu əvvəlcədən elan olunacaq tarixlərdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xüsusi avtobuslarda binaların yerləşdiyi ərazidə fəaliyyət göstərəcək mobil ofislərinə təqdim etməsi xahiş olunur. Pandemiya şəraitini nəzərə almaqla prosesin daha çevik və vətəndaşlar üçün rahat formada keçirilməsi məqsədi ilə həftədə iki dəfə olmaqla əvvəlcədən elan olunmuş ünvanlarda, müəyyən edilən qrafik üzrə sənədlərin səyyar qəbulu keçiriləcəkdir.
İlk belə səyyar qaydada sənəd qəbulu Bakı şəhəri, Yasamal rayonu, Lev Tolstloy küçəsi, 124 ünvanında «Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol» kampaniyası çərçivəsində 2020-ci il iyulun 24-də saat 11:00-dan 17:00-dək həyata keçiriləcəkdir. Növbəti sənəd qəbulu isə iyulun 25-də Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti , 990 ünvanında saat 11:00-dan 17:00-dək həyata keçiriləcəkdir.
Bakıda istismarına icazə verilən yeni binalardakı mənzillər çıxarışla təmin olunduqdan sonra isə proses Xırdalan, Yevlax və Gəncə şəhərlərində davam etdiriləcək. Hazırda burada istismarına icazə verilmiş, lakin mənzilləri mülkiyyət hüququnu təsdiq edən sənədlə təmin edilməyən 4 yaşayış binası mövcuddur.